LeBron gələcək vida ilə bağlı ürəyini açdı
NBA-nın dördqat çempionu LeBron Ceyms peşəkar basketbol karyerasını başa vurduqdan sonra ən çox nə üçün darıxacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Fadeaway World” portalına danışıb.
41 yaşlı amerikalı ulduz bildirib ki, onun üçün ən böyük boşluq meydandakı rəqabət, oyun atmosferi və böyük qarşılaşmaların yaratdığı xüsusi hiss olacaq.
“Ən çox rəqabət və atmosfer üçün darıxacağam. Həmçinin işıqlandırma... Televiziya və arenalar böyük oyunun keçiriləcəyini biləndə fərqli işıqlandırmadan istifadə edirlər. Onlar deyirlər: “O, şəhərdədir? Bu gün başqa işıqları yandırın”. Mən buna görə mütləq darıxacağam”, – deyə LeBron bildirib.
Təcrübəli basketbolçu əlavə edib ki, idmanda əsas motivasiya ümumi məqsəd uğrunda mübarizə aparmaqdır.
“Hamımız eyni məqsəd üçün mübarizə aparırıq – hissəni, oyunu, seriyanı və ya çempionluğu qazanmaq üçün. Bu hissi başqa heç yerdə tapa bilməzsən. Əlbəttə, bu yolda tökdüyün qan, tər və göz yaşları da yaddan çıxmır. Bütün bunlar həmin anın mükafatıdır və mən bunlar üçün mütləq darıxacağam”, – deyə LeBron vurğulayıb.
LeBron Ceyms hazırda NBA tarixinin ən böyük basketbolçularından biri hesab olunur və karyerasını davam etdirir.
Namiq HUN