Sübutsuz, hökmsüz Şvabe...
24 iyun 2026-cı ildə Avropa Şurası Parlament Assambleyasında "Azərbaycanda tənqidi səslərin susdurulması" adı altında keçirilən müzakirələr və qəbul olunan qətnamə bir daha göstərdi ki, AŞPA-nın müəyyən siyasi qrupları insan haqlarını universal dəyərdən geosiyasi təzyiq vasitəsinə, siyasi silaha çevirməkdə davam edirlər.
TodayPress TV xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Zahid Oruc deyib.
Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısıdır və hüquqi öhdəliklərini yaxşı bilir. Lakin sübut olunmamış məlumatların qəti hökm kimi təqdim edilməsi, ölkəmizə qarşı seçici yanaşma və beynəlxalq təşkilatların daxili siyasi mübarizənin tribunasına çevrilməsi qəbuledilməzdir.
AŞPA-nın 24 iyun müzakirəsində xüsusilə Almaniya Bundestaqının üzvü, Sosial Demokrat Partiyasının nümayəndəsi Frank Şvabenin çıxışı hüquqi qiymətləndirmədən daha çox siyasi ittiham aktını xatırladırdı.
Almaniyalı deputat konkret hüquqi və faktoloji əsaslandırma təqdim etmədən bildirdi ki, onun rejim təsviri Azərbaycandakı reallığı əks etdirir. O, dövlətin öz əhalisini qorxutmaq və nəzarətdə saxlamaq üçün kəşfiyyatdan, polisdən, hətta ordudan yararlandığını iddia etdi.
Burada ən sadə sual yaranır: Azərbaycan Ordusu nə vaxt ölkədaxili siyasi prosesə müdaxilə edib? Şvabe konkret tarix göstərmir, ünvanlı hərbi hissənin adını çəkmir, əməliyyat, əmr və ya hadisə təqdim etmir, bir nəfər şahid, hüquqi sənəd və ya müstəqil araşdırma ortaya qoya bilmir.
Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad edib. 2023-cü ildə dövlətimizin bütün ərazisində suverenliyi bərpa edib. İndi həmin Ordu azad olunmuş ərazilərdə təhlükəsizliyin, sərhədlərin və dinc quruculuğun təminatçısıdır.
Azərbaycan Ordusunun Vətən müharibəsindəki Qələbəsini öz siyasi məğlubiyyətləri kimi qəbul edən dairələr indi onu ölkədaxili repressiya aləti kimi təqdim etməyə çalışırlar. Çünki onlar yaxşı bilirlər: güclü Ordu, suveren dövlət və milli birlik Azərbaycanın xarici təzyiqlər qarşısında əsas dayaqlarıdır.
Əli Kərimlinin süni siyasi nəfəs vermək və əsas altertantiv qüvvə mənzərəsini yaratmaq cəhdləri uzun illər Brüsseldən idarə olunan hakimiyyət uğrunda mübarizə ssenarisidir. İndi Ukraynada milyonların faciəsinə səbəb olunan ssenarilər Qərbin rejim dəyişdirmə əməliyyatının tərkib hissəsidir. Lakin onu ərazi bütövlüyünü təmin edən bir ölkədə ən zəif partiya üzərindən hıyata keçirnəyə Ermənistanın revanşist qüvvələri də nail ola bilmir. AŞPA deputatlarından dünən qətnamə lehinə çıxış edənlər 90-cı illərin Moskva, İrəvan, Vaşinqton və Paris siyasi binalarında işğalla bağlı çıxış edən siyasətçiləri xatırladırdı.

Frank Şvabe çıxışında Əli Kərimlinin Fransa televiziyasına müsahibəsindən sonra cəzalandırıldığını və hazırda həbsdə işgəncəyə məruz qaldığını bildirdi. Diqqət edin: o, "belə bir iddia var", "məlumat araşdırılmalıdır" demədi. Heç bir məhkəmə qərarı, tibbi rəy, penitensiar yoxlama sənədi və ya müstəqil ekspertiza təqdim etmədən işgəncə iddiasını qəti fakt kimi səsləndirdi.
İnsan hüquqlarını müdafiə etdiyini söyləyən bir siyasətçi sübut standartlarını daha yüksək tutmalıdır. Çünki işgəncə ağır cinayət ittihamıdır. Belə deklarativ bəyanatlar siyasi rəğbətə, sosial şəbəkə paylaşımlarına və ya maraqlı tərəfin məlumatlarına əsasən hökm şəklində irəli sürülə bilməz.
Şvabe üçüncü Reyxin Gestapo dili ilə danışır, istintaqçı, prokuror, hakim və ekspert funksiyalarını eyni anda öz üzərinə götürərək Strasburq tribunasından hökm elan edir. Faşizm dövrünün üslubu 21-ci əsrdə hüququn aliliyi sayıla bilməz. Şvabenin siyasi mövqeyi hüquqi terminlərə bürünsə də məqsədini gizlədə bilmir.
Eyni məlumat dövriyyəsi
AŞPA sənədlərinin hazırlanmasında istifadə edilən məlumatların mühüm hissəsi Azərbaycandakı narazı siyasi qrupların, xaricdə fəaliyyət göstərən media platformalarının və bir-biri ilə əlaqəli qərəzli hüquq təşkilatlarının hesabatlarına əsaslanır.
Eyni məlumat əvvəlcə yerli siyasi fəallar tərəfindən sosial mediada yayılır. Daha sonra xaricdə yerləşən media qurumu onu xəbər kimi təqdim edir. Ardınca beynəlxalq təşkilatlar həmin xəbərə istinad edir. Nəhayət, AŞPA-da deputatlar yerli istinadları "beynəlxalq mənbə tərəfindən təsdiqlənmiş fakt" kimi səsləndirir. Beləliklə, eyni ilkin iddia bir neçə dəfə dövrəyə buraxılaraq çoxsaylı müstəqil mənbələrin görüntüsünü yaradır.
Mənbələrin sayının çoxluğu sübutların müstəqilliyi demək deyil. Əgər bütün məlumatlar eyni siyasi dairədən qaynaqlanırsa, burada müxtəlif təsdiqləyici mənbələr sayıla bilməz, bir məlumat zəncirinin təkrarından söhbət gedir.
Şvabe çıxışında bir sıra media qurumlarının adlarını sadaladı. Lakin adların çoxluğunu faktların sübutu kimi təqdim etmək olmaz. Hər bir iş ayrıca araşdırılmalı, ittihamların hüquqi əsası fərdi qaydada qiymətləndirilməlidir.
Media fəaliyyəti heç kəsə cinayət qanunvericiliyindən kənarda qalmaq imtiyazı vermir. Eyni zamanda, jurnalist fəaliyyəti də əsassız təqib üçün bəhanəyə çevrilməməlidir. Şvabenin çıxışında isə bu hüquqi fərqləndirmə yoxdur: müxtəlif cinayət işləri, fərqli şəxslər vahid "repressiya siyahısı"na çevrilir.
Azərbaycansız təktərəfli müzakirələr – monoloq demokratiya dilidir
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan ölkəmiz haqqında qətnamə qəbul etməsi formal prosedur baxımından mümkün ola bilər. Lakin hüquqi qaydaların mövcudluğu müzakirəni avtomatik olaraq obyektiv etmir.
2024-cü ilin yanvarında məhz Frank Şvabe Azərbaycan nümayəndə heyətinin etimadnaməsinə etirazın önündə gedirdi. Məqsəd aydındır: qalib Azərbaycanın əsaslı arqumentlərindən qorunmaq. Azərbaycan parlamenti haqlı olaraq 2025 və 2026-cı illərdə AŞPA-ya nümayəndə heyətinin etimadnaməsini təqdim etmədi.
Əvvəlcə tərəflərdən biri siyasi prosesdən kənarlaşdırılır, sonra hökm çıxarılır. Məhkəmə bir tərəfi dinləmədən iclas keçirə bilər, lakin belə iclas ədalətli sayılmaz.
Məruzəçi özü Azərbaycana faktaraşdırıcı səfər edə bilmədiyini etiraf edir. Deməli, çıxış mətni yerində araşdırmaya, dövlət qurumları ilə birbaşa dialoqa söykənmir. AŞPA həqiqətən dialoq istəyirsə, Azərbaycan nümayəndə heyətinə qarşı ayrıseçkiliyə son qoymalı və bərabərhüquqlu danışıq aparmalıdır.
Frank Şvabenin 24 iyun çıxışı illər ərzində qurulan sistemli siyasi xəttin davamıdır. 2020-ci ildən sonra, xüsusilə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra onun ritorikası daha sərt xarakter aldı. O, 2024-cü ilin yanvarında etimadnaməyə etirazın əsas təşəbbüskarlarından biri oldu, Azərbaycanla bağlı siyasi kampaniyalarda fəal iştirak etdi. 2026-cı ilin iyununda isə Azərbaycan dövlətini ləkə atan, Ordumuzu daxili qorxu vasitəsi adlandıran mövqeyə keçdi.
Frank Şvabe AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun rəhbəridir. Daşıdığı vəzifələr ona insan hüquqları mövzusunu şəxsi siyasi profilinin əsas aləti kimi istifadə etmək imkanı verir: qrupunun təşkilatdakı təsirini göstərmək, "dəyərlərin müdafiəçisi" obrazını qorumaq.
Azərbaycan onun üçün əlverişli hədəfə çevrilib: ölkəmiz müstəqil siyasət yürüdür, milli maraqlarını xarici mərkəzlərin göstərişlərinə uyğunlaşdırmır, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində Avropanın mühüm tərəfdaşıdır. Köhnə "Qarabağ münaqişəsi" təzyiq aləti artıq işləmədikdə yeni istiqamətlər önə çəkilir: media, siyasi məhbus siyahıları, sanksiya çağırışları.
İnsan hüquqları problemi varsa, o, hüquqi dialoqla həll edilməlidir. Lakin demokratiya tələbi geosiyasi güzəştlər qoparmaq üçün siyasi silaha çevrilirsə, artıq hüquq olmur - məkrə çevrilir.
Frank Şvabenin siyasi seçiciliyini göstərən məsələlərdən biri Avropanın öz daxilindəki hadisələrə münasibətdir. Fransada Milli Birlik Partiyasının lideri Marin Le Pen birinci instansiya məhkəməsinin qərarı ilə beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrum edildi. Şvabe isə AŞPA tribunasından Fransada siyasi plüralizmin təhlükədə olduğunu demir, seçicilərin iradəsindən danışmır. Çünki söhbət onun ideoloji rəqibindən gedirdi.
Əli Kərimli kimi Elçibəy irsini onun sağlığında ələ keçirən və bütün yaxın silahdaşlarını təşkilatdan uzaqlaşdıran şəxs haqqında hər iddianı araşdırılmamış həqiqət kimi qəbul edən Şvabe, Avropanın özündə baş verən proses qarşısında eyni həssaslığı nümayiş etdirmir. Almaniyada hələ də yaşayan faşist təmayüllü qüvvələr üçün belə davranış açıq siyasi ayrıseçkilik sayılmır.
Trampın prezidentliyində dəyişən qlobal mühit
Frank Şvabe və onunla eyni siyasi xətti bölüşən dairələrin hazırkı fəallığını qlobal siyasi mühitdə baş verən dəyişikliklərdən ayrı qiymətləndirmək olmaz. Donald Trampın ikinci prezidentlik dövrünün başlanmasından sonra ABŞ-ın xarici yardım mexanizmlərinə münasibəti əsaslı şəkildə dəyişdi. USAID başda olmaqla, onilliklər ərzində müxtəlif ölkələrdə siyasi proseslərə, media mühitinə və vətəndaş cəmiyyəti strukturlarına maliyyə ayıran şəbəkənin imkanları məhdudlaşdırıldı.
OCCRP kimi beynəlxalq araşdırma platformaları da USAID maliyyəsinin dayandırılmasının özlərinə ağır təsir göstərdiyini açıq bildirdilər. İnkaredilməz faktlar göstərir ki, uzun illər tam müstəqil fəaliyyət etdiyini iddia edən qurumların maliyyə dayaqları siyasi qərarla bir anda zəifləyə bilir.
Azərbaycan həmin şəbəkələrin fəaliyyətinin nəticələrini uzun illər görüb. Eyni məlumatın yerli siyasi qrup tərəfindən hazırlanması, xaricdə maliyyələşən media vasitəsilə yayılması, OCCRP tipli platformalarda beynəlxalq araşdırma kimi təqdim edilməsi və Şvabe kimi siyasətçilər tərəfindən AŞPA tribunasına daşınması – sistemçi fəəaliyyətin və anti-Azərbaycançı şəbəkənin sübudutur.
Son beş ay ərzində Əli Kərimlinin mövqeyinin xarici mediada sistemli şəkildə təqdim edilməsi koordinasiyalı siyasi-informasiya fəaliyyətinin əlamətlərini daşıyır. 2025-ci ilin iyulunda Almaniyanın "Frankfurter Rundschau" qəzeti onunla geniş müsahibə dərc etdi. 2026-cı ilin mayında Fransanın "Le Monde" nəşri onun həbsdən göndərdiyi qeydlər əsasında mövqelərini beynəlxalq auditoriyaya təqdim etdi. Bir ay sonra isə "France 24" yazılı müsahibəni yayımladı. Bununla yanaşı, məqalələri "European Pravda", "Project Syndicate" və "WELT"də dərc edildi.
Frank Şvabe həmin informasiya zəncirinin son siyasi həlqəsi kimi çıxış edir: xarici mediada yayılan, hüquqi qaydada müstəqil şəkildə yoxlanılmayan məlumatları AŞPA tribunasından artıq müəyyən edilmiş fakt kimi səsləndirir.
"Frankfurter Rundschau", "Le Monde" və "France 24" kimi nüfuzlu media adları ilkin siyasi iddiaya beynəlxalq etibarlılıq görüntüsü qazandırmaq üçün istifadə olunur. Halbuki böyük nəşrdə materialın dərc edilməsi orada səsləndirilən bütün iddialar avtomatik hüquqi sübut sayıla bilməz.
Uzun illər xarici dairələr Azərbaycanı Qarabağ münaqişəsi vasitəsilə təzyiq altında saxlayırdılar. Azərbaycan öz gücü ilə həmin mexanizmi dağıtdı. İndi azad edilmiş ərazilərdə şəhərlər, yollar, məktəblər qurulur; keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Məhz buna görə Azərbaycana təzyiqin ağırlıq mərkəzi başqa sahələrə keçirilib. Dövlətimizin hər bir hüquqi addımı "repressiya", hər bir cinayət işi "siyasi təqib", hər bir təhlükəsizlik tədbiri "diktatura" kimi təqdim olunur.
8 avqust 2025-ci il Vaşinqton görüşü bu baxımdan tarixi dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi paraflandı. Ermənistan hökuməti Azərbaycanın ərazi bütövlüyünə əsaslanan sülh xəttini qəbul etdiyi halda, Frank Şvabe kimi siyasətçilər hələ də müharibədən sonrakı reallığı qəbul etmək istəmirlər. Şvabenin əsassız hökmləri Ermənistanın dövlət mövqeyinə və sülh istəklərinə də zərbədir, hətta koçaryanları belə ötən düşmənçilik ritorikasıdır, daha köhnəlmiş görünür.
Azərbaycan heç bir obyektiv tənqiddən çəkinmir, konkret faktlara əsaslanan hüquqi dialoqa hazırdır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, məhkəmə sisteminin təkmilləşdirilməsi, media qanunvericiliyi, penitensiar şərait ilə bağlı məsələlər peşəkar və qarşılıqlı hörmət əsasında müzakirə oluna bilər.
Lakin dialoq üçün şərtlər bərabər olmalıdır. İddialar sübutlarla əsaslandırılmalıdır. Dövlətin mövqeyi dinlənilməlidir. Mənbələrin siyasi maraqları araşdırılmalıdır.
Heç bir şəxs jurnalist, müxalifətçi və ya fəal adı daşıdığına görə avtomatik olaraq qanundan üstün sayıla bilməz. Eyni zamanda heç bir şəxs siyasi mövqeyinə görə hüquqlarından məhrum edilməməlidir.
AŞPA Azərbaycana suallar verir, lakin hər bir azərbaycanlının da Strasburq hakimlərini sorğulamaq hüququ var. Nə üçün Azərbaycan torpaqlarının 30 il işğal altında qalması dövründə belə sərt qətnamələr qəbul edilmirdi? Yüz minlərlə azərbaycanlının öz evindən qovulması Avropanın siyasi təqvimində indiki qədər təcili məsələ sayılmırdı?
Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Şvabe kimi deputatlar qalib dövlətə qarşı hücum edir. Lakin işğalın beynəlxalq dəstəkçiləri üzərində də 8 noyabr Zəfəri sülh müqaviləsinin imzalanması və bütün Qafqazın rifaha qovuşmasından sonra başlayacaq.