Paytaxtda baş tutduğu deyilən gizli görüşə rəsmi Bakıdan REAKSİYA
Azərbaycan Almaniyanın keçmiş siyasətçiləri ilə Rusiya nümayəndələri arasında Bakıda baş tutduğu iddia edilən qeyri-rəsmi görüşün təşkilində iştirak etməyib.
TodayPress TV xəbər verir ki, bu barədə AnewZ-ə Azərbaycan hökumətinə yaxın mənbələr məlumat verib.
Mənbələrin sözlərinə görə, sözügedən görüş iştirakçıların şəxsi təşəbbüsü ilə keçirilib və Azərbaycan hakimiyyətinin bu prosesin təşkilində heç bir rolu olmayıb.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Die Zeit nəşri və ARD Kontraste proqramı Bakıda Almaniyanın keçmiş Sosial Demokrat Partiyasının (SPD) sədri Matias Platsek, Almaniya Federal Kansleri Aparatının sabiq rəhbəri Ronald Pofalla və İsveçrənin Almaniyadakı keçmiş səfiri Tim Quldimannın Rusiya nümayəndələri ilə görüş keçirdiyini yazmışdı.
Məlumata görə, Rusiya tərəfini keçmiş baş nazir Viktor Zubkov və Kremlə yaxın digər şəxslər təmsil edib.
17:35
Bakıda keçmiş alman siyasətçilərinin və Rusiya rəhbərliyinin nümayəndələrinin qatıldığı qeyri-rəsmi Rusiya-Alman qrupunun qapalı görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Minval" "The Times" qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya kansleri Angela Merkelin keçmiş administrasiya rəhbəri Ronald Pofalla, Brandenburq federal əyalətinin keçmiş baş naziri Matthias Platzek, eləcə də Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və "Qazprom" şirkətinin direktorlar şurasının sədri, Rusiyanın keçmiş baş naziri Viktor Zubkov Azərbaycan paytaxtında görüşüblər.
Nəşrin qeyd etdiyi kimi, görüş Sankt-Peterburq Dialoqu forumunun bağlanmasından sonra əlaqələrini davam etdirən qeyri-rəsmi Rusiya-Almaniya şəbəkəsinin növbəti toplantısıdır.
Nəşrin məlumatına görə, oxşar görüşlər 2022-ci ildən bəri artıq bir neçə dəfə Bakıda və Əbu-Dabidə keçirilib.
Rəsmi Berlin bu əlaqələrdən uzaqlaşaraq, onların şəxsi təşəbbüs olduğunu və Almaniya hökumətinin mövqeyini əks etdirmədiyini vurğulayıb.
Lakin nəşrin müəllifinin fikrincə, bu format Moskva üçün Almaniya siyasi elitasının ayrı-ayrı üzvləri ilə əlavə ünsiyyət kanalı kimi maraq doğurur.
Jalə Rövşən