Tramp Kanada ilə ticarət razılaşmasını açıqladı: “Rüsumlar sıfıra endiriləcək!”
ABŞ Prezidenti Donald Tramp Kanada ilə sənədlərin yekunlaşdırılmasından asılı olaraq olduqca ədalətli ticarət sazişi əldə etdiklərini və ABŞ fermerlərinin Kanadaya məhsul ixrac edərkən gömrük rüsumu ödəməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Ağ Evin həyətində jurnalistlərə açıqlama verib.
Kanada ilə aparılan ticarət danışıqları ilə bağlı suala cavabında Tramp Kanada Baş naziri Mark Karni ilə yaxşı görüş keçirdiklərini və razılığa gəldiklərini açıqlayıb.
ABŞ lideri Kanadadan idxal olunan bəzi məhsullara tətbiq ediləcək 50 faizlik gömrük rüsumunun qüvvəyə minməsinin planlaşdırıldığını xatırladıb:
“Dünən (18 avqust) zəng etdilər və əldə etməli olduğumuz şeyləri bizə verdilər. Hər iki tərəf üçün olduqca ədalətli razılaşma oldu. Fermerlərimiz üçün artıq gömrük rüsumları olmayacaq. Fermerlərimiz Kanadaya böyük gömrük rüsumları ödəyirdi və bu rüsumlar tamamilə aradan qaldırılaraq sıfıra endiriləcək”.
Kanadada istehsal olunan avtomobillərə tətbiq edilən tariflərin azaldılıb-azaldılmayacağı ilə bağlı suala cavabında Tramp Kanadanın “bəzi məsələlərdə addımlar atdığını” vurğulayıb.
Aysel Mətləb