SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı
Polşa və Almaniya hərbçiləri NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə Rusiya sərhədi yaxınlığında birgə tank əleyhinə maneələr quraşdırırlar.
TodayPress TV xəbər verir ki, məlumata görə, əməliyyat alyansın müdafiə mövqelərinin möhkəmləndirilməsi, hərbi hazırlıq səviyyəsinin artırılması və mümkün silahlı qarşıdurma zamanı quru qoşunlarının irəliləyişinin ləngidilməsi məqsədi daşıyır.
Qeyd edilib ki, tank əleyhinə maneələr zirehli texnikanın hərəkətini məhdudlaşdırmaq, onu əvvəlcədən müəyyən edilən marşrutlara yönəltmək və həmin istiqamətlərdə daha effektiv müşahidə və zərbə imkanları yaratmaq üçün nəzərdə tutulub.
Əməliyyatda Almaniya hərbçilərinin Polşa ordusu ilə birlikdə iştirak etməsi NATO-nun şərq sərhədinin müdafiəsində artıq ayrı-ayrı ölkələrə yox, çoxtərəfli koordinasiyaya üstünlük verdiyini göstərir.
Ekspertlər bildirir ki, bu addım Avropa ölkələrində Rusiyanın hərbi fəaliyyəti ilə bağlı narahatlığın artdığını və mümkün böhran başlamazdan əvvəl müdafiə infrastrukturunun gücləndirilməsi istiqamətində hazırlıqların davam etdiyini nümayiş etdirir.
Jalə Rövşən