Gürcüstan ABŞ ilə münasibətləri yenidən qurur - Baş nazirdən rəsmi açıqlama
"Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbin gözləntilərini qoruyub saxlayır".
TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Amerika tərəfi ilə təmaslar davam edir və rəsmi Tbilisi qarşılıqlı addımların atılacağına ümid edir:
"Ümid edirik ki, nəticədə strateji tərəfdaşlığın bərpasını təmin edəcək qarşılıqlı addımlar görəcəyik. Bu, bizim vəzifəmizdir və Amerika tərəfindən atılacaq növbəti addımları səbirlə gözləyirik".
Kobaxidze bildirib ki, ictimai xadimlərin və tarixi şəxsiyyətlərin nüfuzunun qorunmasına yönəlmiş təşəbbüslərə qarşı çıxan müxalifət xaricdən verilən göstərişlərə uyğun fəaliyyət göstərir:
"Sözdə müxalifət əslində vahid mərkəzdən idarə olunan qüvvədir və milli kimliyi zəiflətməyə yönəlmiş ümumi məqsədə xidmət edir. Bu insanlar müxalifət deyil, onlar eyni kollektiv qüvvənin tərkib hissəsidir. Onların ortaq maraqları və ortaq himayədarlarından aldıqları ümumi göstərişlər var. Həmin göstəriş milli kimliyimizi sarsıtmağa yönəlib".