"Danışmaq istəyirəm, qoymurlar..." - Haluk Levent Süleyman Soylu haqqında nə bilir?
İstanbul Respublika Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan türkiyəli müğənni Haluk Leventin ifadəsinin təfərrüatları məlum olub.
TodayPress TV xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, Haluk Levent ifadəsində öz adına bank hesabından istifadə etmədiyini, Yeliz Kaya və Zafer Yayın adlı şəxslərin bank hesablarını özü idarə etdiyini etiraf edib.
O bildirib ki, məhkumluq keçmişi səbəbindən öz adına bank hesabı aça bilmədiyi üçün başqalarının hesablarından istifadə edib.
Levent, həmçinin Ahbap Dərnəyinə məxsus çek və veksellərdən bəzi hallarda təminat kimi istifadə etdiyini təsdiqləyib. O, bunun qanun pozuntusu olduğunu qəbul etsə də, korrupsiya kimi qiymətləndirilməsinin doğru olmadığını deyib.
O, İfadəsində Ahbap Dərnəyinə 80 milyon lirə dəyərində 20 daşınmaz əmlakı təhvil vermək istədiyini, lakin sənədləşmə prosesinin tamamlanmadığını da bildirib.
Bununla yanaşı, Haluk Levent sosial media hesabında verdiyi açıqlamada ifadəsi zamanı demək istədiyi bəzi fikirlərin protokola salınmadığını iddia edərək susmaq hüququndan istifadə etdiyini açıqlayıb. O, "Danışmaq istəyirdim, buna icazə vermədilər. Çünki dediklərimin rəsmi protokola düşməsini istəmirlər" ifadələrini işlədib.
Leventin vəkilləri də İstanbul Vəkillər Kollegiyasına təqdim etdikləri protokolda onun keçmiş Türkiyə daxili işlər naziri Süleyman Soylu barədə danışmaq istədiyini, lakin bu hissənin "verilən sualla əlaqəli olmadığı" əsası ilə ifadə protokoluna daxil edilmədiyini bildiriblər. Vəkillər bunu müdafiə hüququnun məhdudlaşdırılması kimi qiymətləndiriblər.
Hazırda istintaq davam edir. Haluk Levent və digər şübhəlilərin prokurorluqda ifadə verməsindən sonra barələrində görüləcək hüquqi tədbirlə bağlı qərar veriləcək.
Jalə Rövşən