Azərbaycanın Səfəviləri özününkü sayması İran millətçilərini qəzəbləndirdi - Bakıya kin seli axdı - VİDEO
Azərbaycanın öz tarixi keçmişinə, xüsusilə Səfəvilər imperiyasına sahib çıxması İrandakı şovinist dairələrdə növbəti anti-Azərbaycan kampaniyasını qızışdırıb.
Regionda balansın Bakının xeyrinə dəyişməsi və Türk dünyasının inteqrasiyası Tehrandakı bəzi "ideoloq"ları o qədər panikaya salıb ki, onlar artıq Bakıdakı muzeylərdə asılan tarixi xəritələri belə özləri üçün təhdid mənbəyi elan edirlər.
İran mediasında Bakıya qarşı tirajlanan növbəti qarayaxma kampaniyası da bu qorxunun təzahürüdür.
İranlı məşhur siyasi ekspert Ehsan Movahedian Bakıdakı muzeylərdən birində paytaxtı Təbriz olan Səfəvi dövlətinin xəritəsinin nümayiş etdirilməsini rəsmi Bakının "ideoloji hücumu" kimi qələmə verməyə çalışıb.
Azərbaycanın öz real elmi və tarixi keçmişini gənc nəslə təqdim etməsini "saxta kimlik quruculuğu" adlandıran şəxs, əslində fərqində olmadan Tehranın onilliklər boyu qurduğu saxta tarix strategiyasının iflasını etiraf edib.
Səfəvilər Azərbaycan dövlətidir. Şah İsmayıl Xətainin qurduğu imperiyanın hərbi-siyasi onurğasını Azərbaycan türk tayfaları (qızılbaşlar) təşkil edib. Dövlətin ilk paytaxtının Təbriz olması, saray və ordu dilinin Azərbaycan türkçəsi olması bu imperiyanın milli kimliyinin silinməz möhürüdür. Dünya tarixşünaslığının qəbul etdiyi bu reallığı farslaşdırmağa çalışmaq elmi savadsızlıqdır.
Bakıda Səfəvi xəritələrinin nümayişi kiməsə qarşı ərazi iddiası yox, tarixi varislik haqqıdır. Əgər paytaxtı Təbriz olan tarixi dövlətin xəritəsi Tehranı bu qədər qorxuya salırsa, deməli, problem daxildədir. Tehran bilir ki, Arazın cənubunda yaşayan milyonlarla soydaşımız öz milli kimliyini və Təbrizin tarixi statusunu heç vaxt unutmayıb.
Azərbaycan Respublikası 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı quran və kökləri Atabəylərə, Qaraqoyunlulara, Ağqoyunlulara və Səfəvilərə dayanan qədim bir dövlətçilik ənənəsinin rəsmi varisidir. Rejim dəyişiklikləri dövlətlərin yaşını sıfırlamır. Əgər iranlı ekspertin məntiqi ilə yanaşsaq, 1979-cu il inqilabından sonra qurulan indiki İran İslam Respublikasının cəmi 47 yaşı var.
Jalə Rövşən