İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı
01.06.2026 11:34 Daxili siyasət

Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən bu mötəbər tədbirdə səmimi-qəlbdən salamlayıram.

Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib. Bu tədbirin əhəmiyyəti hər il daha da artır. Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir.

Ölkəmizin enerji tarixi zəngin ənənələrə və mühüm tarixi nailiyyətlərə əsaslanır. Hələ XIX əsrdə Azərbaycanda müasir neft sənayesinin formalaşması ölkəmizi qlobal enerji tarixinin aparıcı mərkəzlərindən birinə çevirmişdir. XX əsr Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq enerji tərəfdaşlıqlarının formalaşdığı dövr olmuşdur. XXI əsrdə isə ölkəmiz artıq "yaşıl enerji"yə keçid və dayanıqlı enerji modelinin qurulması istiqamətində yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bu gün də mühüm nəticələr verməkdədir. Cari il enerji sahəsində bir sıra əlamətdar hadisələrlə yadda qalır. Xüsusilə, "Şahdəniz" qaz yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 illiyi və bu yataqdan kommersiya qaz hasilatına başlanmasının 20 illiyi Azərbaycanın qlobal enerji bazarında güclü mövqeyini və ölkəmizin enerji strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Hazırda dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilmişdir.

Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.

Azərbaycanın zəngin bərpa olunan enerji potensialı "yaşıl enerji" istiqamətində uzunmüddətli strateji hədəflərin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Beynəlxalq enerji şirkətləri ilə irihəcmli "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və təbii qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin qlobal enerji sistemində etibarlı və strateji tərəfdaş kimi rolunu daha da gücləndirir. Dünya İqtisadi Forumunun enerji keçidi ilə bağlı hesabatında Azərbaycanın qabaqcıl mövqelərdə qərarlaşması da bunun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.

Bərpa olunan enerji sahəsində mövcud potensialın reallaşdırılması və "yaşıl enerji" imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas strateji hədəfləridir. Bu yanaşma enerji sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Həmin mərhələdə əsas prioritetlər enerji resurslarının səmərəli idarə olunması ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"yə keçidin sürətləndirilməsi və müasir texnologiyaların tətbiqidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır.

Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürümü bildirir, hər birinizə uğurlu əməkdaşlıq, məhsuldar müzakirələr və yeni nailiyyətlər arzulayıram!".

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News