Zahid Oruc: "Tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri..."
“Milli Məclisin müzakirəsinə çıxarılan yeni qanun layihəsi - "Media haqqında" qanunda dəyişiklikləri nəzərdə tutur. Birinci növbədə, xatırladaq ki, 2022-ci ildə geniş parlamentdə ictimai müzakirələrdən keçən və çoxsaylı jurnalist birliklərinin, peşəkar ekspertlərin, mütəxəssislərin müsbət rəyindən sonra qəbul edilən "Media haqqında" qanun Vətən müharibəsindən sonra qalib milli mətbuatımızın yeni çağırışlar qarşısında daha da gücləndirilməsi, Zəfər ideologiyasının gələcək nəsillərə ötürülməsi, qlobal informasiya axınları mühitində milli informasiya məkanının qorunması və sağlamlaşdırılmasında mühüm rol oynadı. Ötən müddət ərzində qanun çap, onlayn və audiovizual medianı vahid hüquqi çərçivədə birləşdirdi, ikitərəfli tənzimləmənin əsasını qoydu. İndi isə daha böyük mənada dövlətimiz informasiya siyasətini və idarəetmə sistemini daha da gücləndirmək qərarını verir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı söyləyib.
O bildirib ki, son illər müxtəlif beynəlxalq indekslərdə ölkəmiz əleyhinə sərt mövqelərin səbəbləri hamıya bəllidir - Azərbaycanın informasiya suverenliyinə zidd olan, qanunsuz maliyyələşmə kanallarına qarşı hüquqi tədbirlər həyata keçirməsi milli informasiya məkanımızı xaricdən idarə etməyə və siyasi gündəliyi formalaşdırmağa çalışan qüvvələrə zərbə oldu: “Media çətiri altında nüfuz agentləri və hibrid informasiya terroru həyata keçirən qüvvələrin mövqeləri xeyli zəiflədi. İndi yeni mərhələdə mediada vahid dövlət siyasətinin bir mərkəzdən idarə olunması qərara alınır. Qanunvericiliyə edilən əsas dəyişiklik mövcud Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) bazasında kollegial idarəetmə sisteminə malik vahid qurum - Media və Yayım Şurası - yaradılır. Qərar fərqli institusional vəzifələrin və dövlət idarəçiliyində yeni mərhələyə keçidin zərurəti kimi qiymətləndirilə bilər. Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sistemi formalaşdırıldığı kimi, eyni prinsiplərlə milli informasiya məkanında da suverenlik, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan yeni institusional təsisat yaradılır. Dünyada kommunikasiya sistemləri arasında inteqrasiya nəticəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlər praktiki olaraq silinib. İndi bir media subyekti eyni zamanda həm internet saytı, həm YouTube kanalı, həm sosial media platforması, həm də ənənəvi efir yayımçısı ola bilir”.
Komitə sədrinin sözlərinə görə, "Media haqqında" Qanunun 43-cü maddəsinə görə, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı gələcəkdə Şura olacaq: “Qurumun yeni funksiyaları arasında - sosial şəbəkə platformalarındakı məzmunun monitorinqi, dezinformasiyanın aşkarlanması üzrə aidiyyəti orqanlarla operativ əlaqələndirmə mexanizmlərinin qurulması, media subyektləri üçün iqtisadi dəstək tədbirləri, audiovizual məhsulların dövlət sifarişçisi kimi çıxış etmək kimi mühüm yeniliklər nəzərdə tutulub. Şura tənzimləmə funksiyası olan lisenziyalaşdırma, Media reyestrinin aparılması və qanunvericiliyə nəzarətlə bərabər, həm də inkişaf, dəstək, ictimai rəyin öyrənilməsi və strateji informasiya siyasəti funksiyalarını vahid mərkəzdə birləşdirir. Beləliklə, media sahəsində qərarların qəbulu, onların icrası və nəticələrinin təhlili arasında vaxt itkisi və idarəetmə boşluqları minimuma endirilir. Təklif olunan model dünyanın aparıcı dövlətlərində artıq sınaqdan keçən bir yanaşmadır: Böyük Britaniyada Ofcom, Fransada ARCOM yayımın tənzimlənməsi, rəqəmsal media mühitinin nizamlanması və istifadəçilərin maraqlarının qorunması funksiyalarını vahid qurum daxilində həyata keçirir. Almaniya, İtaliya, Kanada və Avstraliya kimi ölkələrdə də media tənzimlənməsi ilə strateji kommunikasiya siyasəti arasında koordinasiya mexanizmləri daim gücləndirilir”.
Z.Oruc vurğulayıb ki, bir mühüm statistika informasiya məkanının necə böyüdüyünü göstərir: “2025-ci ilin sonuna Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası ərazisində 92 audiovizual media subyekti fəaliyyət göstərir. Onlardan 47 televiziya, 23 radio, 6 sifarişli yayım xidməti və 49 retranslyasiya operatoru xidməti mövcuddur. Dünyada informasiya məkanının strukturu əsaslı şəkildə dəyişib. İndi bir dövlətin informasiya məkanı yalnız televiziya, radio, qəzet və xəbər saytlarının məcmusu ilə məhdudlaşmır. Yeni informasiya arxitekturasına sosial şəbəkələr, video platformalar, mesajlaşma tətbiqləri, axtarış sistemləri, bloqerlər, fərdi kontent yaradıcıları və süni intellekt sistemləri daxildir. Vətəndaş jurnalistikası ənənəvi mətbuatdan daha böyük təsir gücü qazanıb. Dövlət efir tezliklərini və rəsmi media subyektlərini tənzimləyə bilir. Lakin ictimai gündəmi formalaşdıran alqoritmləri, xaricdə yerləşən rəqəmsal platformaları və süni intellektin milyonlarla istifadəçiyə təqdim etdiyi məlumatları əhatə etmədən informasiya siyasəti bütöv sayıla bilməz. Azərbaycanda vahid Media və Yayım Şurasının yaradılması yeni nəsil tənzimləmə modelinə keçid kimi dəyərləndirilə bilər: alqoritmik riskləri, süni intellektlə yaradılan məzmunu, platformaların fəaliyyətini və xarici informasiya müdaxilələrini təhlil edən güclü analitik imkanlar, böyük məlumat bazaları və monitorinq sistemləri əsasında ölkəmizin bütün media mühitini - həm efir, həm çap, həm onlayn seqmentini - vahid, real-vaxt rejimində izləmək mümkün olacaq”.
O eləcə də qeyd edib ki, müasir dövrdə informasiya hücumları yalnız bir xarici televiziya kanalının, qəzetin və ya saytın fəaliyyəti ilə qurulmur - onun arxasında dövlət və ya siyasi sifarişçi, analitik mərkəzlər, lobbi və maraq qrupları, vasitəçi media şəbəkələri, anonim saytlar, diaspor səhifələri, influenserlər, Telegram kanalları, saxta profillər və bot şəbəkələri dayanır; eyni tezis bir ölkədə insan hüquqları, digərində dini və etnik həssaslıq, başqa auditoriyada ekologiya, enerji siyasəti və ya geosiyasi rəqabət dili ilə qablaşdırılır - bəzən isə əsas məqsəd informasiya məkanını elə ziddiyyətli vəziyyətə gətirməkdir ki, vətəndaş heç bir mənbəyə inanmasın: “Son günlər tezisləri Yeliseydə yazıldığı şübhə doğurmayan saxta məhkəmə hökmləri həmin siyasətin tərkib hissəsidir - Fransa dövləti himayə etdiyi terrorçuları azad media təmsilçiləri kimi qoruyur, istifadə müddətləri bitəndə məhv edir, məsuliyyəti isə ölkəmizin üstünə atır. Dövlətimizin yeni media siyasəti kibertəhlükəsizliyi, strateji kommunikasiyanı, rəqəmsal platformalarla münasibətləri və media savadlılığını birləşdirən milli informasiya bütövlüyünü təmin etmək üçün mühüm addımlar atır. O cümlədən, saxta hesabları, süni şəkildə böyüdülən mövzuları və "deepfake" materiallarını real vaxtda aşkarlayan erkən xəbərdarlıq sistemi mövcuddur. Media savadlılığı milli təhlükəsizliyin tərkib hissəsidir və yeni Media və Yayım Şurası nəzarətlə yanaşı, milli informasiya məkanının inkişafını və beynəlxalq rəqabət qabiliyyətini vahid siyasətdə birləşdirəcəkdir. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətçilik qətiyyəti yalnız diplomatik və hərbi müstəvidə deyil, informasiya cəbhəsində də davamlı nümayiş olunur. Ölkə başçısının hər bir çıxışı, regional proseslərə dair mövqeyi və Azərbaycanın milli maraqlarını qoruyan qətiyyətli qərarları ətrafında müxtəlif platformalarda eyni tezislərin, oxşar başlıqların və koordinasiyalı narrativlərin paralel şəkildə dövriyyəyə buraxılması təsadüfi deyil. Lakin Prezidentin qətiyyəti göstərir ki, Azərbaycan nə hərbi Qələbəsinin siyasi nəticələrindən geri çəkiləcək, nə də informasiya təzyiqi altında öz milli iradəsindən imtina edəcək”.