“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı
24.07.2025 17:22 Cəmiyyət

24 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, mərasimdən öncə final mərhələsinə keçən 11 iştirakçı öz layihələrini təqdim edib və münsiflər tərəfindən qiymətləndirilib. 

Mükafatlandırma mərasimində açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. 

Qadınların informasiya və kommunikasiya texnologiyalarına çıxışının və bu sahədə fəal iştirakının cəmiyyətin davamlı inkişafı üçün mühüm vasitə olduğunu qeyd edən B.Muradova əlavə edib ki, bu, ilk növbədə sosial ədalətin bərpası, eyni zamanda bu sahədə olan imkanlardan istifadə edərək iqtisadi və sosial ehtiyacların ödənilməsi üçün olduqca vacibdir: “Düşünürəm ki, biz texnologiyanın sürətlə inkişaf edərək həyatımıza nüfuz etdiyi, süni intellektin yarandığı dövrdə bütün vətəndaşlarımızı bu prosesin bərabərhüquqlu iştirakçısına çevirməklə, imkanlara əlçatanlığını təmin etməliyik”.

B.Muradova bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirsək görərik ki, bu sahədə qadınlar zaman keçdikcə daha inkişaf edirlər. Rəqəmsal bacarıqların qazanılması, qadınların əmək bazarında daha geniş imkanlar əldə etməsi, rəqabətliliyin artırılması onların iqtisadi müstəqilliyinin formalaşması və cəmiyyətə daha çox töhfə verməsi işinə şərait yaratdığı üçün bu məsələlər həm də beynəlxalq və ölkədaxili təhlillərin obyekti kimi çıxış edir.

Qlobal səviyyədə bu sahədə iştirak bərabərliyinin hələ də təmin olunmadığını vurğulayan Komitə sədri əlavə edib ki, BMT-nin məlumatlarına görə qadınlar dünyada elm və texnologiya sahəsində  çalışanların yalnız 28%, rəqəmsal texnologiyalar üzrə iş yerlərində isə  22%-ni təşkil edir.

Azərbaycanda isə İKT sahəsində çalışanların təxminən 30%-inin qadınlar olduğunu qeyd edən Komitə sədri, qadınların innovasiyaya və rəqəmsal iqtisadiyyata çıxış imkanlarının daha geniş və sistemli şəkildə dəstəklənməli olduğunu əlavə edib. 

 B.Muradova vurğulayıb ki, məhz bu hədəflərə xidmət üçün Dövlət Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə müsabiqə həyata keçirilib: "Məqsəd qadınların İKT sahəsində təşəbbüslərini stimullaşdırmaq, onların cəmiyyətə təsir edə biləcək layihələrini ön plana çıxarmaq və təşviq etməkdir. Bu müsabiqə UNESCO-nun təşəbbüsü olan və hazırda 70-dən çox ölkədə fəaliyyət göstərən "İnformasiya Hamı üçun" (IFAP) proqramı çərçivəsində reallaşdırılır.

Komitə sədri çıxışının sonunda müsabiqənin nəticələrinin uzunmüddətli təsirə malik olacağını, rəqəmsal sahibkarlığın daha geniş yayılmasına və qadınların bu sahədə rolunun güclənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qalibləri təbrik edib, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov müsabiqəni qadınların texnologiya sahəsinə inteqrasiyasının, rəqəmsal bacarıqlarının artırılmasının və cəmiyyətin dayanıqlı inkişafında oynadıqları mühüm rolun bariz göstəricisi olduğunu qeyd edib. 

O qeyd edib ki, İKT sahəsi və rəqəmsallaşma bu gün texnoloji tərəqqinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, dövlət siyasətində prioritet mövqe tutur. Qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahənin bütün vətəndaşlar, o cümlədən qadınlar üçün əlçatan olmasını təmin etmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir: “Son illərdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İKT sahəsi üzrə həyata keçirdiyi təqaüd proqramları və layihələrdən 4 mindən çox qadın yararlanıb”.  

Nazir müavini bildirib ki, istər sosial, istərsə də iqtisadi aspektdən baxdıqda, xanımlarımızın informasiya-kommunikasiya texnologiyaları sektorunda fəal iştirakı ölkəmiz üçün son dərəcə əhəmiyyətlidir.

Sosial baxımdan bu iştirakın önəminin təkcə cəmiyyətin gender bərabərliyi ilə bağlı deyil,  eyni zamanda gələcəyin cəmiyyətini formalaşdıracaq texnoloji mədəniyyətin əsaslarını qoymaq baxımından həyati əhəmiyyət daşıdığını qeyd edən S.Məmmədov əlavə edib ki,  texnologiyanı, innovasiyanı, rəqəmsal alətləri anlayan bir valideyn – xüsusilə bir ana – gələcəyin insanını, yəni övladını da bu istiqamətdə yetişdirə bilir. Beləliklə, bizim texnoloji gələcəyimiz ailədən başlayır və texnoloji savadlı cəmiyyətə doğru uzanır.

Müsabiqənin Münsiflər heyətinin üzvü, Femmes Digitales "Texnologiyalar Sahəsində Qadınlara Dəstək" İctimai Birliyinin baş katibi Səyyarə Hüseynova təşəbbüsə ev sahibliyi etdiyinə görə Dövlət Komitəsinə, eləcə də tərəfdaş qurumlara təşəkkürünü bildirib. Son 7 il ərzində həm məktəblilərlə, həm texnologiya sahəsində çalışan qadınlarla sıx təmasda olduğunu bildirən S.Hüseynova, bu müddət ərzində onların istedadını, iradəsi və inkişaf arzusunu bu sahədə gender bərabərliyini gücləndirmək üçün dəyərli bir baza adlandırıb. 

S.Hüseynova qeyd edib ki, təqdim olunan 44 layihə arasında cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən, aktual mövzulara toxunan təşəbbüslər yer alıb. Təqdim olunan layihələr sırasında qadınlar üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində təhsil və məşğulluq proqramları, kənd təsərrüfatında qadın fermerlərə dəstək, gənc anaların inkişafına yönəlmiş təşəbbüslər, media sahəsində fəaliyyət göstərən qadınların layihələri, rəqəmsal dərzilik və süni intellekt texnologiyaları vasitəsilə biznes proseslərinin optimallaşdırılması kimi innovativ həllər yer aldığını qeyd edən münsif, layihələrin sosial problemlərə kompleks yanaşmalar təqdim etməklə yanaşı, yeni imkanlar və dayanıqlı inkişaf üçün alternativ yollar ortaya qoyduğunu əlavə edib. 

Daha sonra Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları sektorunun əməkdaşı Sevil Rəsulzadə müsabiqənin əsas mərhələləri, məqsədləri və iştirakçılar barədə ümumi məlumatı əks etdirən təqdimatla çıxış edib. 

Müsabiqədə üçüncü yeri "Carelink" layihəsi ilə Ləman Xəlilzadə, ikinci yeri "AqrofemTech" layihəsi ilə Sürəyya Əliyeva, birinci yeri isə "Süni intellektin qadın dəstək xəttinə inteqrasiyası" layihəsi ilə Kəmalə Aşımova tutub.

Sonda Münsiflər heyətinin üzvlərinə təşəkkürnamələr, finalçılara sertifikatlar, qaliblərə isə diplom və mükafatlar təqdim edilib.

FOTOLAR

“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 1
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 2
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 3
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 4
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 5
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 6
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 7
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 8
“Rəqəmsal sahibkarlıq” müsabiqəsinin qalibləri mükafatlandırıldı — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Bütün Xəbərlər