Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2

Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2
22.08.2025 17:54 Xarici siyasət

Avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib.

TodayPress TV xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdirdilər.

Sonra Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış etdilər.

Görüşdə daha sonra dövlətimizin başçısı çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əvvəlcə bugünkü Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə qardaşım, Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında bugünkü üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə də təşəkkür edirəm.

Bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Qonaqpərvər türkmən torpağında olduğum bu gündə bir daha qeyd etmək istəyirəm ki, Türkmənistan hörmətli Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişafda əhəmiyyətli nailiyyətlər əldə edib, beynəlxalq rolunu və nüfuzunu gücləndirib. Onun müasir Türkmənistanın inkişafına verdiyi töhfə səmərəli dövlət idarəçiliyinin, strateji baxışın və Vətənə sədaqətin nümunəsidir.

Bu yaxınlarda - keçən ay hörmətli Qurbanqulu Məlikquliyeviçi Azərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcə səmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik. Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5 hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqa orta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik.

***

14:49

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş başlayıb.

TodayPress TV xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev birgə foto çəkdirdilər.

FOTOLAR

Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 1
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 2
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 3
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 4
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 5
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 6
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 7
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 8
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi - YENİLƏNDİ 2 — 9
XƏBƏR LENTİ
18 AVQUST 2026
Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 İraq İrandan hücumla bağlı rəsmi izahat TƏLƏB ETDİ 23:19 Brent neftinin qiyməti 91 dolları ötdü 23:03 Kim Çen In Trampın təklifinə cavab verdi 22:50 İki güləşçimiz dünya çempionatından medalla döndü! 22:52 Tramp İranla razılaşmadan imtina etdi: "Onlar hazır deyil" 22:42 Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentində görüşlər keçirdi 22:32 DİM sədrindən abituriyentlərə XƏBƏRDARLIQ: "Ödənişli xidmətə tələsməyin!" 22:25 Hakan Fidan iranlı həmkarı ilə telefon danışığı apardı - Nələr müzakirə edildi? 22:17 İsrail ordusu "sarı xətt"də qalacaq! - Rəsmi AÇIQLADI 22:06 Sumqayıtda ağır qəza: Yaralananlar var - VİDEO 21:46 Ukrayna ordusu bu kəndi geri alaraq, 30 əsgəri əsir götürdü - VİDEO 21:39 TƏCİLİ: İran BƏƏ-yə məxsus tankeri ələ keçirdi 21:13 “Qarabağ” qələbə qazandı - YENİLƏNDİ 19:41 Bütün Xəbərlər