Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı
17.10.2025 14:14 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV-nin məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının "Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu" mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.

Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı ilə qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar yalnız milli mədəni dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində böyük rol oynayırlar.

ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının budəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir.

Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.

Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir.

Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb etdiyi kimi, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik zərurətini ortaya qoyur. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.

Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrinin daha da möhkəmlənməsinə, eləcə də qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.

İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirərək beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək.

Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Bütün Xəbərlər