Birgə Bəyannamə - TAM MƏTN

Birgə Bəyannamə - TAM MƏTN
09.08.2025 01:27

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə imzalanıb.

TodayPress TV  xəbər verir ki, Bəyannamədə deyilir:

"Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.


İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Nikol PAŞİNYAN

Ermənistan Respublikasının Baş naziri


Şahidlik etdi:

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

XƏBƏR LENTİ
31 IYUL 2026
Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 Bütün Xəbərlər