Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir”
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni davam etdirmək üçün ilk dəfə Şimali Koreyadan gələn tədarüklərdən asılı vəziyyətə düşdüyünü bildirib.
TodayPress TV bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft emalı sənayesinə aid daha bir obyektə zərbə endirib. Onun sözlərinə görə, hədəf Sibirin Tobolsk şəhərində yerləşib və obyekt Ukrayna ərazisindən 2,5 min kilometrdən çox məsafədədir.
Ukrayna lideri bildirib ki, bu hadisə Rusiyanın artıq təhlükəsiz strateji arxa cəbhəyə malik olmadığını göstərir. O, Ukraynanın uzaqmənzilli zərbələrinin davam edəcəyini və bunun Rusiya cəmiyyətinə müharibənin başa çatmasının zəruriliyini göstərməli olduğunu vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiyada aparılan daxili sorğular müharibənin başa çatmasını istəyən insanların sayının artdığını göstərir. O bildirib ki, bu tendensiya daha da güclənməli və Rusiya rəhbərliyi sülhdən başqa alternativin olmadığını anlamalıdır.
“Bu, Rusiya tarixində ilk dəfədir ki, onların təhlükəsiz strateji arxa cəbhəsi yoxdur. İlk dəfədir ki, onlar Şimali Koreyadan tədarük olmadan müharibə apara bilmirlər”, - Zelenski yazıb.
Kübra Musayeva