Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü!
Yəmənin "Ənsar Allah" hərəkatının üsyançı husiləri Qırmızı dəniz sahilindəki Moha limanına kütləvi hücum təşkil ediblər, nəticəsə obyektdə yanğın baş verib.
TodayPress TV "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, husilər Yəmənin qərb sahilindəki limana və mülki hədəflərə hücum üçün raketlər, dronlar və qayıqlardan istifadə ediblər.
Telekanaldakı hərbi mənbənin məlumatına görə, hökumət qüvvələri buraxılan 44 drondan 15-ni vurmağı bacarıb.
Bundan əlavə, husilər Bab əl-Məndəb boğazı yaxınlığında neft tankerinə hücuma cəhd ediblər. Hücum zamanı altı minalanmış qayıqdan istifadə edilib ki, bunlardan üçü hökumət qüvvələri tərəfindən ələ keçirilib.
Vəhcə bölgəsi sahillərində hücumun dəf edilməsi zamanı "Ənsar Allah"ın 8 döyüşçüsünün öldürüldüyü bildirilir.
Hökumət qüvvələri buna cavab olaraq, ölkənin qərb sahilindəki husi mövqelərinə onlarla dron hücumu həyata keçirib. Taizin qərbindəki üsyançı hədəflərə artilleriya atəşi də davam edir.
Xatırladaq ki, Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında münaqişə 2014-cü ilin avqustundan davam edir.