Aİİ və BƏƏ ticarətdə yeni səhifə açır – Sazişin tarixi açıqlandı
Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında azad ticarət zonası haqqında saziş oktyabrın 6-da qüvvəyə minəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) ticarət naziri Andrey Slepnev VIII Qırğızıstan-Rusiya İqtisadi Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Bu gün Əmirliklər tərəfi ilə nota mübadiləsi həyata keçirildi. BƏƏ ilə azad ticarət sazişinin ratifikasiyası və qüvvəyə minməsi ilə bağlı bütün prosedurlar başa çatdırılıb. Sazişin qüvvəyə minmə tarixi 2026-cı il oktyabrın 6-sı olaraq müəyyən edilib", - deyə o vurğulayıb.
Qeyd edilib ki, hazırda BƏƏ Aİİ-nin əsas ticarət tərəfdaşlarından biridir və beş üzv ölkə ilə BƏƏ arasında ticarət dövriyyəsi davamlı şəkildə artır. Belə ki, 2025-ci ildə bu göstərici 2024-cü illə müqayisədə 12 faiz yüksəlib.
Məlumata görə, saziş çərçivəsində formalaşdırılacaq yeni ticarət rejimi üzrə Əmirliklər Aİİ-nin BƏƏ-yə ixracının 98 faizini əhatə edən, məhsul nomenklaturasının isə 86 faizi üzrə güzəştli çıxış imkanı təqdim edib. Bunun sayəsində Aİİ-yə üzv dövlətlərin ixracatçıları hər il gömrük rüsumlarının ödənilməsinə ən azı 266 milyon ABŞ dolları qənaət edə biləcəklər.
Slepnev bildirib ki, saziş qüvvəyə mindikdən sonra ölkələr arasında illik ticarət dövriyyəsinin ən azı 5-6 milyard ABŞ dolları artacağı gözlənilir. O əlavə edib ki, sazişdə nəzərdə tutulan tənzimləyici normalar biznes əməkdaşlığını yeni səviyyəyə qaldıracaq, ticarət qaydalarının aydın və şəffaf şəkildə müəyyənləşdirilməsi isə qarşılıqlı ticarətə marağı artıracaq.
Nazir onu da qeyd edib ki, "Şimal-Cənub" iqtisadi dəhlizi BƏƏ üzərindən keçir. Bu isə Aİİ ixracatçılarına Fars körfəzi və Hind okeanı hövzəsindəki digər ölkələrə çıxış üçün əlavə üstünlüklər yaradır və Cənubi Asiya regionu ilə ticarətin inkişafı baxımından mühüm potensial formalaşdırır.
Aysel Mətləb