Stalin Qız Qalasından üçrəngli bayrağımızı asan gənclərə divan tutdu - Gülhüseyn Hüseynoğlu amansız imperiyaya qalib gəldi

Stalin Qız Qalasından üçrəngli bayrağımızı asan gənclərə divan tutdu - Gülhüseyn Hüseynoğlu amansız imperiyaya qalib gəldi
08.07.2026 21:00 Təhlil

Bu gün böyük əyilməz xarakter sahibi, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun vəfat günüdür. 

Gülhüseyn Hüseynoğlunu tanıyanlar onun sadəcə yazıçı, filoloq yox, həm də bütöv bir xarakter olduğunu deyir. “Köhnə kişilərdən” deyiminin vücud tapmış halı kimi. Sözü üzə deyən, minnət götürməyən, təmiz müəllim maaşı ilə dolanan, heç bir mükafat, təltif iştahı olmayan insanın doxsan illik ömrün arxasında müstəqillik sevdası, Sibir sürgünləri və mənfur sovet rejiminə qarşı təkbaşına yox, canbir qəlblə ucaldılan üsyan dayanırdı.

"İldırım"ın çaxışı və Stalin hökmü

Gülhüseyn Hüseynoğlu (Abdullayev) 1923-cü ildə Masallının Mollaoba kəndində doğulmuşdu. Cəmi 3-4 yaşı olanda ailəsi Bakıya köçür, gəncliyi paytaxtda keçir. 1942-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olandan sonra gənc Gülhüseynin və bir qrup tələbə yoldaşının içində milli oyanış baş qaldırır. O amansız sovet rejiminin tüğyan etdiyi illərdə, 8 nəfər gənc bir araya gəlib gizli antisovet təşkilatı yaradırlar. Təşkilatın adını da elə Gülhüseyn müəllim özü təklif edir: "İldırım".

Məqsədləri o dövr üçün ağlasığmaz, həm də intihar kimi bir şey idi: Azərbaycanı SSRİ-dən ayırmaq, müstəqil respublika etmək, ana dilini dövlət dili səviyyəsinə qaldırmaq, Cənubi Azərbaycanla qadağaları aradan qaldırmaq və ən əsası – 1937-1938-ci illərin qanlı repressiyalarında "xalq düşməni" damğası ilə güllələnən, Sibirə göndərilən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq. Təşkilatın yeganə yazıçısı Gülhüseyn müəllim idi, xalq arasında təbliğat işi ona tapşırılmışdı. Günlərin bir günü qərara gəlirlər ki, xalqın böyük şairi Səməd Vurğuna imzasız, "Dönməzlər" adından bir məktub yazsınlar, onu da bu mübarizəyə cəlb etsinlər. Məktubu Gülhüseyn müəllim diktə edir, təşkilat üzvü İsmixan Rəhimov isə ələ keçərsə xəttini tanımasınlar, deyə çap hərflərinə bənzər xətlə kağıza köçürür. Amma sovet DTK-sı (DTK-nın o zamankı adı ilə NKVD) artıq iş başındaydı. 1945-ci ildə universitetdə bütün tələbələrə yoxlama yazı işi yazdırırlar və xəttatlıq elminin gücüylə İsmixan Rəhimovun xəttini minlərlə tələbə arasından tapırlar.

Doqquz aylıq izləmədən, verilən dəhşətli işgəncələrdən sonra təşkilat ifşa olunur. İş elə böyüyür ki, şəxsən Stalinin özü məsələyə qarışır. DTK sədri Abakumova göstəriş verir:

“Bu tələbələrə 10 il verməyin, onlar ordan daha da güclənib qayıdacaqlar. Maksimal cəza verin ki, gedər-gəlməzə getsinlər".

Məhkəmə indiki Murtuza Muxtarov küçəsindəki binada keçirilir. Binanın qarşısına o qədər adam yığışırmış ki, konvoy dustaqları hansı küçə ilə aparacağını çaşırmış. Camaat onları qaçırmasın deyə qandalları bir-birinə bağlayıblar. Hacı Zeynalovla Gülhüseyn müəllim yan-yana qandallanıb. Biri əlini qaldıranda hamının əli qalxırmış. Üç nəfərə, o cümlədən Gülhüseyn müəllimə güllələnmə hökmü kəsilir. Lakin bəxt elə gətirir ki, hökmdən bir-iki gün qabaq SSRİ-də ölüm cəzası müvəqqəti ləğv olunur və bu hökm 25 illik həbslə əvəzlənir. Sibirin İrkutsk vilayətinə, Tayşet və Bodaybo arasındakı amansız şaxtaya sürgün edilirlər. 7 il meşədə ağac kəsməyə məhkum olunurlar.

Sürgündə çemodan əhvalatı 

Sibirə ilk ayaq basdıqları gün dustaqlar onlara xəbərdarlıq edir ki, gecə bura hücum olacaq, nəyiniz var əlinizdən alacaqlar. Gülhüseyn müəllim dərhal ağlına bir fənd gətirir: "Bizim əlimizi qandalla necə bağlamışdılarsa, gəlin çemodanlarımızı da məftillə, iplə bir-birinə elə bağlayaq". Gecə hücum olur, dava-dalaş düşür, oğrular hansı çemodanı dartırlarsa, gəlmir. Çünki hamısı bir zəncir kimi bir-birinə bağlanmışdı. Bu fənd gəncləri tam qarətdən qurtarır. 1953-cü ildə Stalin ölür. Az sonra amnistiya fərmanı verilir. Bakıda tələsik məhkəmə qurulub cəzalarını 5 ilə salırlar və "onsuz da 7 il yatmısınız, artıqlaması ilə çəkmisiniz, azadsınız" deyib kameranın qapısını açırlar. Amma Gülhüseyn müəllim kameradan çıxmır! Rus mayor təəccüblənir ki, hamı qaçaraq çıxır, sən niyə otursan? Gülhüseyn müəllim deyir: "Mən tam bəraət istəyirəm. Məni bura günahsız salmısınız, mənə belə yarımçıq əfv lazım deyil. Sabah kimsə üzümə vurmasın ki, özünü yaxşı apar, yoxsa təzədən gedərsən".

Bakıya qayıdandan sonra inadla mübarizə aparır və 1955-56-cı illərdə tam bəraətini alır. Aspiranturaya bərpa olunur, universitetdə müəllim saxlanılır və professor elmi dərəcəsinə qədər ucalır. Amma bu bəraət həyatın itirilmiş illərini geri qaytarmırdı. 1948-ci ildə onu Axundov adına kitabxanada oxuduğu yerdə DTK gəlib aparanda evdə körpə qızı, gənc xanımı qalmışdı. Həbsdən qayıdanda isə artıq gec idi – həyat yoldaşı başqa bir ailə qurmuşdu. Gülhüseyn müəllim böyük alicənablıq göstərir: qızının yaşadığı evi tamamilə birinci xanımına bağışlayır, ordan bircə iynə də götürmür. "O evdə mənim qızım yaşayır" deyir. Sonralar ikinci dəfə ailə qurur, övladları olur. Amma xarakterindəki o qürur, o barışmazlıq həmişə qalır. Hətta qızının oğlunun toyuna da getmir ki, orada ilk həyat yoldaşı ilə qarşılaşıb salamlaşmağa məcbur olmasın.

Səməd Vurğun məsələsinə gəlincə, o, heç vaxt şairi qınamadı. İllər sonra oğluna deyirmiş:

"Biz ona imzasız məktub göndərmişdik. O vaxt çox çətin illər idi. Səməd Vurğun hardan bilsin ki, bu məktubu ona kim göndərib? Bəlkə elə DTK-nın özünün təxribatı idi? Ona görə onu günahlandırmıram". Amma Səməd Vurğun 1956-cı ildə rəhmətə gedəndə, Gülhüseyn müəllim 6 yaşlı balaca qızının əlindən tutub, soyuq havada 2 saat yarım növbədə gözləyir. Sovetin qaydalarına müvafiq olaraq o vaxt vəfat edəni tabuta üzüaçıq, medalları taxılmış kostyumda qoyurdular.

Filarmoniyada tabutun qarşısına çatanda qızını çiyninə qaldırıb, hirsli və qəhərli səslə deyir:

"Bax, bu sifətə yaxşı bax!". Səbəbini isə qızına böyüyəndə izah edəcəyini deyir... Qızı bu hərəkətinin səbəbini dəfələrlə soruşur. O isə demir.

Müşfiq sevdası 

Gülhüseyn Hüseynoğlunun elmi və bədii fəaliyyətinin and yeri, şübhəsiz ki, Mikayıl Müşfiq idi. Sibirin şaxtasından keçmiş o polad xarakterli kişinin yeganə kövrək yeri Müşfiq idi. Nakam şairin taleyinə həmişə ağlayardı. Müşfiq haqqında ilk dissertasiyanı, ilk monoqrafiyanı məhz Gülhüseyn müəllim yazmışdı. Hətta onun sevgisi o qədər intəhasız idi ki, gedib Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdə dərs deyirdi.

Tale elə gətirdi ki, sağlığında çap olunan son albom-kitabı da elə 1999-cu ildə Müşfiqə həsr olundu. Sanki Tanrı Müşfiqin yaşaya bilmədiyi ömrü də onun yerinə yaşamaq, onun amallarını yaşatmaq üçün Gülhüseyn müəllimə 90 illik bir möhlət vermişdi.

Ədəbi tənqid çox vaxt yazır ki, Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısıdır. Əslində, faktlara baxsaq, bu janrın ilk nümunəsini hələ 1908-ci ildə Məhəmməd Hadi "Düşündüklərim" yazısı ilə qoyub, sonralar Nərimanov, Çəmənzəminli, Nigar Rəfibəyli də bu janra toxunublar. Amma Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı olmasa da, onun əsl memarı, ustadı və onu ədəbiyyatda populyarlaşdıran sima oldu. "Bənövşə əfsanəsi", "Tar çalınır", "Gözəl", "Kişilik", "Gül ömrü" kimi incilər bu janrın zirvəsidir.

Onun "Mücrü" mənsur şeirini oxuyanda insan heyrətə gəlir. Böyük sovet yazıçısı Konstantin Fedin təsadüfən bu əsərlə tanış olandan sonra sehrlənmişdi və onun təşəbbüsü ilə Gülhüseyn müəllimin mənsur şeirləri Moskvada "Drujba narodov" jurnalında dərc olunmuşdu.

"Mücrü"də bir ananın fədakarlığı, övladları üçün bütün gəncliyini, xatirələrini satmaq məcburiyyətində qalması elə ritmik, elə gərgin dramatik dillə yazılıb ki, orada kiçik bir mənsur şeir yox, bütöv bir romanın yükü var. Gülhüseyn müəllim həm də "Nigarançılığın sonu", "Yana-yana", "Ad", "Ata olandan sonra" kimi dəyərli hekayə və povestlərin müəllifidir. Onun "Ad" hekayəsində çox gözəl bir fəlsəfə var: Deyir insana doğulanda verilən ad şərtidir, insan öz həqiqi adını öz əməlləri ilə qazanmalıdır. Elə Gülhüseyn müəllimin özü də bu həyatda "Gülhüseyn Hüseynoğlu" adını öz əməli, əyilməz qaməti və təmiz qələmi ilə qazandı.

Minnət götürməyən ömür

Ömrünün son illərində də o, öz prinsiplərindən dönmədi. Oğlu danışır ki, atası heç öz övladlarından da minnət götürməzmiş.

Bir dəfə köhnəlmiş paltosunu dəyişmək istəyirlər, razı olmur, "Mən özümü kimə göstərirəm ki?!" deyir. Bir gün bərbərə gedəndə oğlu gizlicə qaçıb eyni rəngdə təzə palto alır və köhnənin yerindən asır. Bərbərdən çıxanda Gülhüseyn müəllim paltonu geyinir, maşına oturandan sonra əlini cibinə salıb nəsə tanımır və dərhal qayıdır ki,

"Bay, başqasının paltosunu geyinmişəm, qayıt geri!". Oğlu yalvar-yaxar edəndən sonra, bunun bir övlad hədiyyəsi olduğunu biləndə birtəhər razılaşır.

Ömrü boyu əyilmədi. Azərbaycançılıq onun üçün damarlarında axan qan oldu. 90 illik bir ömür belə gəldi, belə keçdi: "İldırım" kimi çaxıb keçən Kişi...

Qiymət Mahir

XƏBƏR LENTİ
08 IYUL 2026
Tramp “sağ göstərib, sol vurdu” - Türkiyədən gedəndə fikrini dəyişdi 22:15 Türkiyənin ABŞ-dən alacağı F-35-lərin sayı AÇIQLANDI 22:00 UEFA Konfrans Liqası: Zirə qələbə qazandı - VİDEO 20:08 Tramp İranla bağlı mesaj verdi: Çox tez baş verəcək 21:50 Ərdoğan F-16-ların yerləşdiriləcəyi ölkəni açıqladı 21:39 İsrail hərbi əməliyyatlara hazır olduğunu bildirdi - TƏCİLİ 21:18 Tramp NATO-da heç kimin gözləmədiyi sıralama etdi 21:06 Stalin Qız Qalasından üçrəngli bayrağımızı asan gənclərə divan tutdu - Gülhüseyn Hüseynoğlu amansız imperiyaya qalib gəldi 17:26 Tramp: Ərdoğanı mən saxlamasa idim… 20:58 Tramp: Artıq Ukraynada torpağımız var 20:51 Hörmüz böhranı nefti bahalaşdırdı - Qiymətlər rekord həddə yaxınlaşır 20:31 İran ABŞ-nin son hücumu ilə bağlı itkilərini AÇIQLADI 20:26 Hörmüz boğazı BAĞLANDI 20:13 İyulun 20-dək bu qatar əvvəlki kimi işləməyəcək 20:02 Qərb bölgəsinə qatarla gedənlərin NƏZƏRİNƏ: Bilet satışı qəfil dayandırıldı 19:56 Valideynlərin DİQQƏTİNƏ: Məktəb seçiminin vaxtı AÇIQLANDI 19:49 İkiqat cavab verəcəyik - İran HƏDƏLƏDİ 19:39 Rusiya yanacaq almağa məcbur qaldı - YENİ QƏRAR 19:20 İran ABŞ ilə danışıqları DAYANDIRDI - SƏBƏB 19:05 Trampın Türkiyə ilə bağlı bu sözləri Netanyahuya heç də xoş gəlməyəcək 18:52 ABŞ-dən Suriyaya illər sonra gözlənilməz addım 18:36 Zelenski Moskvaya niyə getməyəcəyini elə izah etdi ki… - VİDEO 18:29 Tramp: Azərbaycan və Ermənistan kimi Rusiya və Ukraynanı da barışdıracam 18:20 Tramp Zelenskini Putin adlandırdı - VİDEO 18:09 PP-19-01 Vityaz: Xüsusi təyinatlı qüvvələrin etibarlı dostu 18:02 Bütün Xəbərlər