Rusiya ordusu Kupyansk imtahanından kəsildi – 710 minlik ordu bəs etmədi

Rusiya ordusu Kupyansk imtahanından kəsildi – 710 minlik ordu bəs etmədi
17.12.2025 17:43 Təhlil

Ukrayna qoşunları Rusiya bölmələrini Kupyanskdən geri ataraq şəhər ərazisinin təxminən 90 faizi üzərində nəzarəti ələ keçirib. Ukrayna mediasının yazdığına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski məlumat verib.

Sırski Ukraynanın Müdafiəsi üzrə “Ramştayn” Təmas Qrupunun videokonfrans formatında keçirilən 32-ci iclasında iştirak edib. O, müttəfiqlərinə cəbhədəki mövcud vəziyyət barədə məlumat verərək Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarına dair konkret nümunələr təqdim edib.

“Aktiv axtarış-zərbə əməliyyatları sayəsində rus qüvvələrini Kupyanskdən geri atmağa və şəhər ərazisinin demək olar ki, 90 faizini nəzarətə götürməyə nail olduq”, – deyə Baş Komandan bildirib.

Aleksandr Sırski Rusiya qoşunlarının 17 aydan artıqdır ələ keçirməyə çalışdığı Pokrovsk sektoruna da xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, Ukrayna bölmələri mövqeləri saxlayır və təşəbbüsü tədricən geri alır. Əks-hücum əməliyyatları nəticəsində Pokrovskun şimal hissəsində 16 kvadrat kilometr ərazi üzərində nəzarət bərpa olunub. Bundan əlavə, şəhərin qərbində yerləşən Qrişino, Kotlino və Udaçnoye kəndləri yaxınlığında 56 kvadrat kilometr ərazi geri alınıb.

Sırski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin təzyiqləri artsa da, Ukrayna ordusu Pokrovsk–Mirnoqrad aqlomerasiyasını müdafiə etməyə davam edir. Bununla yanaşı, cəbhədəki vəziyyətin hələ də mürəkkəb olaraq qaldığını vurğulayıb.

“Strateji hücum əməliyyatları aparmaq üçün Rusiya qüvvələrini təxminən 710 min nəfərə çatdırıb. Əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu hücumları davam etdirir, lakin ciddi əməliyyat uğuru əldə edə bilmir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib.

Kupyansk şəhəri Xarkov vilayətinin əsas logistika və dəmir yolu qovşaqlarından biridir. Şəhərin Ukraynanın nəzarətində qalması Rusiya qoşunlarının Xarkov istiqamətində hərəkətini ciddi şəkildə çətinləşdirir. Eyni zamanda bu amil Ukrayna ordusuna şimal-şərq cəbhəsində daha çevik və uğurlu manevr imkanları yaradır.

Şəhər ərazisinin 90 faizinin Ukraynanın nəzarətində olması faktı Rusiya tərəfindən qəbul edilməsə də, mövcud vəziyyət Kupyanskın böyük hissəsinin Ukrayna ordusunun əlində olduğunu göstərir. Bu isə Rusiya ordusunda ciddi psixoloji gərginlik yarada bilər. Eyni zamanda fakt onu da göstərir ki, Kupyansk uğrunda döyüşlər hələ tam başa çatmayıb.

Hazırda Rusiya Kupyansk istiqamətində əsasən nizami bölmələr deyil, daha çox xırda və mobil qruplar vasitəsilə təzyiq göstərir. Bu qruplar mühasirəyə düşmə riskinin az olması və itkilərin minimuma endirilməsi baxımından daha çevik hesab olunur. Paralel olaraq Rusiya ordusu dron hücumları ilə diversiya qruplarına hava dəstəyi verir.

Ukraynanın Kupyanskda uğur qazanmasının əsas səbəblərindən biri isə rəqibə qarşı “güzgü taktikası”ndan istifadə etməsidir. Ukrayna kəşfiyyatı rusların kiçik mobil qruplarına qarşı eyni tipli kəşfiyyat-diversiya dəstələri çıxararaq onların vaxtında aşkarlanmasını və zərərsizləşdirilməsini təmin edir. Bu prosesdə dronlardan aktiv şəkildə istifadə olunur.

Rusiya ordusu Kupyansk üzərinə dəfələrlə hücum etsə də, şəhəri ələ keçirə bilmir. Eyni zamanda Rusiya qoşunları Pokrovsk istiqamətində də ciddi uğursuzluqlarla üzləşir. 17 aydan artıq davam edən hücumlara baxmayaraq, real nəticə əldə olunmayıb. Əksinə, Ukrayna bu müddət ərzində irəliləyərək Pokrovsk ətrafında xeyli ərazini azad edib ki, bu da Kiyevə şəhəri daha effektiv şəkildə müdafiə etmək üçün əlavə imkanlar yaradır.

Mövcud dinamika onu göstərir ki, müharibə 2026-cı ildə də davam edərsə, əsas döyüşlər məhz Kupyansk və Pokrovsk istiqamətlərində cəmləşəcək. Bu strateji əhəmiyyətli şəhərləri əlində saxlamaq üçün Ukraynanın Qərbin güclü və davamlı dəstəyinə ciddi ehtiyacı var.

Zeynal Əmrəliyev

Today Press TV üçün

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər