Mübariz İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib

Mübariz  İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib
18.06.2026 12:51 Təhlil

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik... Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim... Vətən sağ olsun. Haqqınızı halal edin.”


Çox deyirlər, ad insanın taleyidir. Elə bu sətirləri yazan gənc gizirin adı kimi... “Mübariz" – döyüşən, mübarizə aparan, geri çəkilməyən. Mübarizin ömür yolu elə bil ilk gündən millətin qisas ruhuna çevrilmək üçün hazırlanmışdı. Atası Ağakərim kişi də bunu lap tez hiss etmişdi:

"Hiss edirdim ki, Mübariz fərqlidir. Nəsə düşündüyünü duyurdum. Həmişə onu sakitləşdirməyə çalışırdım ki, darıxma, müharibə olsa, döyüşərsən.Mübariz müharibəni gözləmək istəmirdi, o, qisas istəyirdi. Bilirdi ki, bu gedişin dönüşü yoxdur. Bilərəkdən, düşünərəkdən şirin canından keçməyi hər adam bacarmaz, o isə bu addımı atdı”.

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində, Ağakərim və Şamama İbrahimovların ocağında dünyaya göz açdı. Ailənin üç oğlundan sonbeşiyi idi. Böyük qardaşları Bəhruz və Rəşadla birgə zəhmətkeş və vətənpərvər mühitdə böyüdü. Mübariz elə öz kəndlərində şəhid Malik Piriyevin adını daşıyan orta məktəbdə oxudu, uşaqlıqdan şəhidlik məfhumunu, qəhrəmanlıq ənənələrini dərindən mənimsədi. 2005-ci ildə həmin məktəbi bitirdi.

Mübariz uşaqlıqdan idmanla məşğul olurdu, amma həyatda heç nə əbəs yerə baş vermir. O, sanki fiziki olaraq da o böyük gün üçün hazırlaşırdı. Uşaqlıqdan bəri idmana, xüsusilə peşəkar boks növünə böyük sevgisi vardı. Hazırda Azərbaycan Tarix Muzeyinin ən qiymətli eksponatları sırasında onun yeniyetməlik illərində geyindiyi boks əlcəkləri və zərbə vurduğu qum torbası xüsusi bir ehtiramla qorunur.

Məktəbi bitirən kimi, 2006–2007-ci illərdə hərbi xidmətə yollanır. Daxili Qoşunların Xüsusi Təyinatlı Bölüyündə (XTB) əsl peşəkar əsgər kimi yetişir və xidmətini çavuş rütbəsi ilə başa vurur. Lakin mülki həyat onun torpaq ağrısını ovuda bilmir. 2009-cu ilin avqust ayında könüllü olaraq yenidən orduya qayıdır. Bu dəfə gizir rütbəsi alaraq məhz cəbhə xəttinə – Naftalan və Tərtər istiqamətlərinə xidmətə yollanır.


Qeydlərə görə, cəbhədə xidmət etdiyi dövrdə aldığı maaşın böyük hissəsini imkansız əsgərlərə, evlərindən sovqat gəlməyən, ehtiyacı olan gənclərə paylayır, özünə isə yalnız minimum dolanışıq pulu saxlayırdı. Mübariz həm də dindar idi. Şəhadətindən sonra cibindən və hərbi çantasından kiçik ölçülü Quran və dualar yazılmış vərəqlər çıxmışdı. Şəhid olduğu gün könüllü olaraq oruc tutduğu da yaxın yoldaşlarının xatirələrində qeyd olunur.

Anası Şamama xanım onun xasiyyətini belə xatırlayır: 

"Mübariz hər evdən çıxanda bizdən halallıq istəyirdi. Ona görə də halallıq istəməsinə öyrəşmişdik. Allah hamıya Mübariz kimi xeyirli övlad versin. Biz ondan nə uşaqlığında, nə gəncliyində incidik. Darıxıram, amma fəxr də edirəm. Nə etsək də, onun qabağını ala bilməzdik. Bilirdim mərddi, dürüstdü, Allahını, Vətənini sevir. Amma bu dərəcədə qorxmaz olduğunu bilmirdim. O, sevgisini göstərməyi bacarmırdı. Məni cəmi bir dəfə öpüb. Əsgər gidəndə də üzündən öpməyə qoymurdu..."

Ölümündən cəmi 14 gün əvvəl Mübariz ata-anasına baş çəkmək üçün məzuniyyət götürür. Bəlkə də bu son görüş artıq onun planlarına daxil idi. Həmin günləri anası bu sözlərlə anır: 

"Martın 7-də gəldi, 8-i işdə olmalı idi. Gələndə məni ağlamaq tutdu, nəsə çox ağladım. Məni o qədər öpdü, dedi niyə ağlayırsan? Dedim heç, səndən sarı darıxmışam. Biz bilmirdik ki, o bu dərəcədə canından keçər. Mübariz mənim bir damla göz yaşıma da qıymazdı..."

Məzuniyyət bitir və Mübariz son dəfə evdən çıxmağa hazırlaşır. Atası Ağakərim kişinin ürəyində isə həmin son saniyələrdən qəribə bir nisgil qalır:

"Məzuniyyətdən işə geri qayıdanda məni həyətdə gözləyirdi ki, görüşək. Niyəsə, təxminən 10 dəqiqə içəridə yubandım, məni gözləməli oldu. Çıxana yaxın eşitdim ki, ayaq səsləri gəlir, səbri çatmayıb məni gözləməyə, getmək istəyirdi. Arxasınca dedim ki, ayaq saxla, gedərsən, darıxarsan, peşman olarsan. Dayandı, gəldim, sadəcə əl görüşdük, öpüşmədik. Əgər anasına deyibsə ki, arxamca su atma, qayıtmayacam, niyə mənimlə bir dəqiqə əvvəl qucaqlaşmadı? Məni o narahat edir".

Bəli, Mübariz anası arxasınca su atmaq istəyəndə qətiyyətlə "Niyə atırsan, onsuz da qayıtmayacam" deyib, yenə halallıq alıb getmişdi. Atası isə oğlunun fədakarlığını sonradan bu misilsiz mətanətlə ifadə edəcəkdi:

"Mənim oğlum ata-anasını Allaha qurban verdi. Vətəni bizdən əziz tutdu. Mübarizin atası olmaq çox çətindir. Həm çətindir, həm də o qədər şərəflidir ki… bu, hər ata-anaya qismət olmayan bir şeydi. Hüzürünə gələnlərə də deyirdim ki, mənə “mübarəkdir” deyin, ağlamayın". (Qeyd edək ki, qəhrəman atası Ağakərim İbrahimov 2024-cü ildə vəfat edib).


Cəbhə xəttinə qayıtdıqdan sonra, son günlərdə Mübariz tamamilə öz dünyasına qapanır. Hərbidəki əsgər yoldaşları onun bir neçə gün öncə çox fikirli olduğunu, hətta yeməkdən də imtina etdiyini deyirlər. Tağım komandiri Tural Həsənovun xatırladığı bir detal isə hər şeyi bəlli edir:

bərabər televizora baxdıqları yerdə Mübariz qəfildən üzünü ona tutub, "Ürəyimə damıb ki, öləcəm" deyir. Hadisədən bir neçə gün əvvəl isə atası ilə son dəfə telefonda danışanda israrla yenidən halallıq istəyir. 

18 iyun 2010-cu il gecəsi, saat 23:30-u göstərir. Mübariz heç kimə heç nə demədən, ağlındakı qisas planı ilə irəli atılır. Getməzdən əvvəl yazdığı digər sətirlərdə qeyd etdiyi kimi: "Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz..." 

Önündə iki ordunu ayıran və hər an partlaya biləcək təxminən 1 kilometrlik minalanmış sahə var idi. O, ərazini soyuqqanlılıqla keçir. Ermənistan Silahlı Qüvvələrinin zastavasına qəfil daxil olan Mübariz, birinci həmlədə qarşısına çıxan düşmən hərbçilərini səssizcə zərərsizləşdirir. Erməni mənbələrindən sızan detallara görə, o, dərhal postdakı daxili rabitə xətlərini sıradan çıxarmışdı. Bu səbəbdən ermənilər qonşu postlardan kömək çağıra bilmirlər və nə baş verdiyini uzun müddət anlamırlar. Ardınca Mübariz birbaşa postun silah-sursat anbarını ələ keçirir. Oradakı böyük silah və qumbara ehtiyatından istifadə edərək səhər saat 5-ə qədər, tam 4-5 saat düşmənlə təkbaşına vuruşur.


Ermənistan Müdafiə Nazirliyinin daxili hesabatlarında etiraf edilirdi ki, həyəcan siqnalı ilə ayağa qaldırılan erməni xüsusi təyinatlıları posta yaxınlaşanda daxildən gələn o qədər intensiv atəşlə qarşılaşıblar ki, içəri girməyə cəsarət etməyib, postu uzaqdan mühasirəyə alıblar.

Onlar elə zənn edirdilər ki, onlara qarşı bütöv bir Azərbaycan taboru hücuma keçib. 22 yaşlı qəhrəmanımız bu qeyri-bərabər, amansız döyüşdə son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına şəhid oldu. Bu döyüşdə düşmənin verdiyi itkilər barədə rəqəmlər müxtəlifdir.

Azərbaycan rəsmi mənbələrinə və Prezident İlham Əliyevin ilkin çıxışına görə, Mübariz təkbaşına 5 erməni əsgərini öldürmüş, 3-nü yaralamışdı. Erməni tərəfi rəsmən 4 ölü, 4 yaralı iddia etsə də, Azərbaycan və Türkiyə mətbuatındakı araşdırmalarda sonralar bu rəqəmin 45-ə qədər yüksəldiyi qeyd olunur.

Düşmən Mübarizin dirisindən qorxduğu kimi, ölüsündən də qorxurdu. İnternetdə ermənilər tərəfindən yayılan o məşhur fotoşəkildə Mübarizin şəhid olduqdan sonra əllərinin bağlandığı aydın görünür. Bu, erməni hərbçilərinin onun "yenidən ayıla biləcəyi" qorxusunun sübutu idi. Hətta erməni ordusu Mübarizin darmadağın etdiyi həmin postu "təhlükəli zona" elan etmişdi. Şəxsi heyət qorxu və sarsıntı içində olduğundan orada xidmət etməkdən imtina edirdi.

Ermənistan rəhbərliyi qorxu və acıqdan onun cəsədini tam 141 gün qaytarmaqdan imtina etdi.

Mübarizin nəşinin düşmən tərəfdə qalması cəbhədəki silahdaşlarına, xüsusilə də kəşfiyyat tağım komandiri, baş leytenant Fərid Əhmədova çox ağır təsir etmişdi. Fərid and içmişdi ki, nəyin bahasına olursa-olun Mübarizin nəşini orada qoymayacaq.

Sentyabrın 3-dən 4-nə keçən gecə Fərid öz kəşfiyyat qrupu ilə Çaylı istiqamətində düşmən mövqelərinə sarsıdıcı basqın etdi, xeyli canlı qüvvəni məhv etdi və geri çəkilərkən qrupunu qorumaq üçün özünü fəda edərək qəhrəmancasına şəhid oldu. Onun da nəşi Mübarizin yanında qaldı.


Yalnız beynəlxalq danışıqlar və Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Astraxan razılaşmasından sonra, 2010-cu il noyabrın 6-7-də hər iki qəhrəmanımızın nəşi geri alındı. Bakıda, İkinci Fəxri Xiyabanda keçirilən dəfn mərasimi ümumxalq yürüşünə çevrildi. Mərasimdə Prezident İlham Əliyev şəxsən iştirak etdi, yüz minlərlə insan küçələrə axışaraq “Hamımız Mübarizik!” şüarı ilə bu iki cəsur sərkərdəni çiyin-çiyinə son mənzilə yola saldı.

Mübariz İbrahimovun göstərdiyi şücaət dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi. 22 iyul 2010-cu ildə Prezidentin sərəncamı ilə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi, “Qızıl Ulduz” medalı və “Vətən övladı” ordeni ilə təltif olundu. Həmin il o, ölkədə “İlin adamı” seçildi. Mübarizin irsi sərhədləri aşaraq bütöv türk dünyasının ortaq fəxrinə çevrildi. Doğulduğu Biləsuvar rayonunda adına küçə və məktəb verilib, 2011-ci ildə isə həmin məktəbin qarşısında qəhrəmanın 4 metrlik möhtəşəm qranit heykəli ucaldılıb. Palmali Şirkətlər Qrupunun donanmasında fəaliyyət göstərən, 2010-cu ildə suya buraxılmış nəhəng "Armada" sinfi neft tankerinə və Azərbaycan Ordusunun arsenalındakı 12.7 mm çaplı güclü snayper tüfənginə onun şərəfinə “Mübariz İstiqlal” adı verilib.


Qardaş ölkədə Mübariz qeyri-rəsmi olaraq Türkiyənin də Milli Qəhrəmanı statusunda qəbul edilir və bəzən “Türk Rambo” ləqəbi ilə anılır. Türkiyənin reytinqli serialları olan “Sakarya Fırat”, “Savaşçı” və “Kızıl Elma” layihələrində onun qəhrəmanlığına, döyüş səhnələrinə xüsusi yer verilib, türk repçiləri onun üçün mahnılar bəstələyib, sosial şəbəkələrdə milyonlarla video paylaşılıb. Mustafa Çəmənlinin “Mübariz”, Elxan Elatlının “Qisas gecəsi”, Çingiz Qacarın “Turan bahaduru” kitabları onun həyatından bəhs edir. Haqqında sənədli və bədii filmlər çəkilib, 2015-ci ildə cizgi romanı işıq üzü görüb, 2022-ci ildə isə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Sanal Karabağ” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə onun haqqında xüsusi animasiya filmi ərsəyə gətirilib.

Mübariz İbrahimovun ruhu ən böyük təsəllini və zəfərini isə İkinci Qarabağ Müharibəsi zamanı tapdı. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu onun təkbaşına hücum edib şəhid olduğu həmin postu və ərazini düşməndən tamamilə azad etdi. 

Mübariz məhz ən çox ehtiyacımız olan anda bu xalqın milli birlik simvoluna çevrildi. Ona görə də o, təkcə Ağakərim ata və Şamama ananın oğlu yox, bütöv bir Azərbaycan xalqının oğludur.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUN 2026
Hamı Aykut Kocamanı gözləyirdi, amma sürpriz qərar verildi: "Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu 13:52 Rusiya nə qədər vursa da, Moskva səması Ukrayna PUA-ları ilə doludur 13:54 Konate "Real"da - RƏSMİ 13:45 Zahid Oruc: ”Gələcəyin zənginlik və kasıblıq bölgüsündə meyarlar dəyişir” 13:27 ADY bu istiqamətdə eneji sistemlərini yenilədi 13:30 Prezident ən yaxşı mükafatı "Dost"una verdi 13:23 Ərəb nümayəndələr Prezidentə söz verdi: Abşeronu su ilə... 13:20 Mübariz İbrahimov minalanmış sahəni keçib posta sızdı, sonradan gələn XTQ 45 meyit saydı – Ermənistan ordusu tarixində belə zərbə yeməyib 12:51 Sabahın havası açıqlandı - Neçə dərəcə isti gözlənilir? 12:42 "Uşaqları geyindir!" - Moskvada azərbaycanlı ailənin dəhşətli anları - VİDEO 12:36 DÇ-26: İkinci tura start verilir 12:28 TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olundu 12:21 Moskvada azərbaycanlıların işlədiyi bazara pua hücumu - GÖRÜNTÜLƏR 12:07 Brejnevin nəticəsi Ukraynada əsir düşdü 11:57 Ukraynadan misli görünməmiş PUA hücumu - Moskva alovlar içində - VİDEO 11:47 Sabah ölkə üzrə pensiyalar ödəniləcək 11:39 Almaniya SSRİ-ni meydandan sildi - Sanki Hitler Stalinə qarşı çıxmışdı və bu dəfə qalib idi 11:21 Ermənistanın ən cinayətkar adamı: Azərbaycan və ölkəsini yağmalayaraq milyonçu, sonra prezident oldu 11:20 I və IV qrupların nəticələri bu tarixdə elan ediləcək 11:37 Prezident Beynəlxalq Sammitin iştirakçılarına müraciət ünvanladı 11:09 İki liderin görüşündə maraqlı hadisə - Bricit Makronun Trampla mübarizəsi - VİDEO 11:03 Qeydiyyatda olan işsizlərin sayı açıqlandı 10:46 Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNDİ 09:23 "Real" Entso Fernandeslə razılığa gəldi 10:36 Azərbaycan neftinin bu günə olan QİYMƏTİ açıqlandı 10:27 Bütün Xəbərlər