Quayakildə medal hədəfi: millimiz hazırdır!
Azərbaycan yeniyetmə cüdoçularla dünya çempionatında təmsil olunacaq.
TodayPress TV xəbər verir ki, avqustun 20-23-də Ekvadorun Quayakil şəhərində yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan mötəbər yarışda 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq.
Yeniyetmə oğlanlardan ibarət milli komandanın heyətində Fərid Rzazadə (50 kq), Fərid Xudiyev, İbrahim Talıbov (hər ikisi 55 kq), İlkin Qarayev (66 kq), Yusuf Nəzər, Sadiq Məmmədov (hər ikisi 73 kq), Ayxan Həsənli, Yaqub Məmmədov (hər ikisi 81 kq), Ömər Axundov və Nurəddin Əliyev (hər ikisi 90 kq) mübarizə aparacaqlar.
Komandaya yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcəklər.
Yeniyetmə qızlardan ibarət yığmanın heyətində isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kq), Pərvin Sevxanlı (44 kq) və Könül Eyvazlı (48 kq) tatamiyə çıxacaqlar.
Qızlardan ibarət milliyə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcəklər.
Qeyd edək ki, dünya çempionatında 61 ölkədən 459 idmançı medallar uğrunda mübarizə aparacaq.
Namiq HUN