Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi
08.12.2025 20:50

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.

Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.

Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.

Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatı nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzi sənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyini söyləyib.

R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsin müdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanış olmasına etiraz etmir.

Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki, müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər və onlara buna dair zəruri şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər