İddianın hüquqi əsasının olub-olmadığını müəyyən etmək hakimin vəzifəsidir

İddianın hüquqi əsasının olub-olmadığını müəyyən etmək hakimin vəzifəsidir
21.05.2025 10:46

Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib. 

Bildirilib ki, işin hallarına görə, faktiki ailə münasibətində yaşayan şəxslərdən biri digərinin verdiyi pul vəsaiti hesabına əmlak alıb. Bu münasibətlər pozulduqdan sonra pul vəsaiti verən şəxs əmlakın dəyərinin geri qaytarılmasını tələb edib.

Məhkəmələr əmlakın alınması üçün pul vəsaitini iddiaçının ödədiyini müəyyən etməklə bu qənaətə gəliblər ki, cavabdeh əsassız varlanıb, ona görə əmlakın dəyərini iddiaçıya qaytarmalıdır. 

Sonra cavabdeh tərəf kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.  Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, bir şəxsin başqasının verdiyi pul vəsaiti hesabına əmlak alması əsassız varlanma nəticəsinə gəlmək üçün kifayət deyil. 

Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. İddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır.

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakı sonradan iddiaçının mülkiyyətinə keçirəcəyi barədə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətini və bu çərçivədə cavabdehin iddiaçı qarşısında öhdəlik daşımasını məhkəmələr müəyyən etməyiblər.

Pul vəsaitinin cavabdehin mənafeyi naminə (məsələn, əmlak alınması üçün) başqa şəxs(lər)ə verilməsi də mümkündür. Bu kimi hallar baxımından “öhdəliyin üçüncü şəxs tərəfindən icrası” və ya “üçüncü şəxsin xeyrinə müqavilə” institutları nəzərdən keçirilə bilər. 

Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: 

- cavabdehin əmlak əldə etməsi;

- həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi;

- əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. 

Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil.

Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. 

Əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olub-olmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olub. 

Bağışlamadan başqa bir hüquq münasibəti aşkar edilmədiyi, yəni cavabdehin mübahisəli əmlakı hədiyyə olaraq əldə etdiyi bəlli olduqda onun həmin əmlakı iddiaçıya qaytarmaq öhdəliyi, yalnız (iddia və sübut edildiyi təqdirdə) bağışlama müqaviləsinin ləğv edilməsindən irəli gələ bilər. İddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən edilməyib. 

Məhkəmə tərkibi onu da qeyd edib ki, bağışlamadan imtina olunduğu sübuta yetirilməmişsə, varlanmış şəxs həmin əmlakı əsassız deyil, bağışlama müqaviləsi əsasında qazanmış sayılır.

Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir.

Məhkəmələrin bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etmələri əsaslı olmayıb.  Göstərilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilib, iş yeni apelyasiya baxışına qaytarılıb.

XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Bütün Xəbərlər