Milyonlarla il əvvəl yox olan heyvanların izi bu gün də qalır – Yeni kəşf
Alimlər tropik bitkilərdəki tikanların min illər əvvəl nəsli kəsilmiş iri ot yeyən heyvanlarla qarşılıqlı təsirin mirası ola biləcəyini müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, “New Phytologist” jurnalında dərc olunan araşdırmaya görə, bu müdafiə mexanizminin izləri bitki icmalarında bu günə qədər qorunub.
Tədqiqatçılar akasiya və mesquit də daxil olmaqla 2 686 mimosoid bitki növünü araşdırıb və onların yayılmasını 368 iri ot yeyən məməli növünün məlumatları ilə müqayisə ediblər. Bu heyvanların 153 növünün artıq nəsli kəsilib.
Araşdırma nəticəsində məlum olub ki, müasir dövrdə tikanlı bitkilərin yayılması qismən keçmişdə iri yarpaq yeyən heyvanların məskunlaşdığı ərazilərlə əlaqəlidir.
Bu əlaqə xüsusilə Amerikanın tropik bölgələrində nəzərə çarpır. Son buz dövrünün sonuna qədər Cənubi Amerika təxminən 80 iri ot yeyən heyvan növünü itirib. Bu, həmin heyvanların ümumi sayının təxminən 40 faizini təşkil edib. Nəsli kəsilən növlər arasında nəhəng quru tənbəlləri və qomfoterlər də olub.
Alimlərin fikrincə, tikanlar bitkilərin yarpaqlarını iri heyvanların yeməsindən qorumağa kömək edir. Bununla belə, tikanların əmələ gəlməsi bitki üçün əlavə resurs tələb edir və bu müdafiə mexanizmi iri ot yeyənlərin uzunmüddətli təzyiqi nəticəsində qorunub qala bilər.
Kompüter təhlili göstərib ki, nəsli kəsilmiş heyvanların keçmiş yayılma arealları tikanlı bitkilərin müasir yayılmasındakı dəyişiklikləri canlı heyvan növlərinin məlumatlarından daha yaxşı izah edir.
Bununla yanaşı, iqlim və torpaq xüsusiyyətlərinin də bitkilərin yayılmasına əhəmiyyətli təsir göstərdiyi müəyyənləşib. Məsələn, quraq mövsümün daha uzun olması tikanlı bitkilərin daha çox yayılması ilə əlaqələndirilib.
Tədqiqatçılar vurğulayırlar ki, araşdırma birbaşa səbəb-nəticə əlaqəsini deyil, statistik əlaqəni göstərir. Nəsli kəsilmiş heyvanların yayılma arealları isə natamam qorunmuş fosil və digər məlumatlar əsasında bərpa edilib.
Türkan İsgəndərli