Ayda görünməmiş hadisə gözlənilir – Alimlər teleskopları hazır vəziyyətə gətirdi
2026-cı il avqustun 5-də SpaceX “Falcon 9” raketinin idarəolunmayan hissəsinin Ayın səthinə çırpılması gözlənilir. Alimlər bu hadisəni nadir elmi təcrübəyə çevirmək üçün müşahidələrə hazırlaşırlar.
TodayPress TV xəbər verir ki, məlumata görə, raketin qalıqları 2025-ci ildə Ay missiyasından sonra Yer atmosferində yanmalı idi. Lakin obyekt yüksək orbitdə qalaraq Ayla toqquşma trayektoriyasına düşüb.
Hesablamalara əsasən, raket qalıqları saatda 8 600 kilometrdən çox sürətlə Ayın səthinə çırpılacaq. Zərbənin gücünün təxminən 3 ton trotil partlayışına bərabər olacağı bildirilir.
Hadisəni NASA-nın “Lunar Reconnaissance Orbiter” aparatı, Cənubi Koreyanın “Pathfinder” peyki və dünyanın müxtəlif ölkələrindən astronomlar izləyəcəklər. Alimlər hesab edirlər ki, bu müşahidələr gələcək Ay bazalarının kosmik tullantılardan qorunmasına kömək edə bilər.