“Qarabağ”a uduzan “Dinamo”da qalmaqal: Yarmolenko stadiona getməkdən imtina edib
Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenko UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyununda (0:2) iştirak etməyib. Onun adı ümumiyyətlə, iştirak ərizəsində olmayıb.
TodayPress TV "qol.az"a istinadən xəbər verir ki, bu barədə jurnalist Andrey Piskun klubdakı mənbələrdən məlumat əldə edib.
Jurnalist 36 yaşlı yarımmüdafiəçinin komanda ilə birlikdə Bakıya gəldiyini və oynamağa hazır olduğunu bildirib.
Lakin Yarmolenko matçöncəsi toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində oynatmayacağını öyrənib. Futbolçu bu qərardan narazı qalıb və oteldə qalaraq stadiona getməyib.
Qeyd edək ki, “Dinamo” Bakıda “Qarabağ”a 0:2 hesabı ilə uduzaraq (ilk oyun 1:0) Konfrans Liqasında mübarizəni dayandırıb.