“Göstərmir TV!” – Nənələrimiz kimə baxıb ağlayacaqlar?

“Göstərmir TV!” – Nənələrimiz kimə baxıb ağlayacaqlar?
18.03.2026 13:27 Gündəm

Azərbaycan televiziya məkanında baş verən dəyişikliklər, xüsusilə də tanınmış aparıcıların verilişlərinin bağlanması yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Son olaraq ARB telekanalında Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları “Səni axtarıram” və “Həmin Zaur” proqramlarının dayandırılması, eləcə də Xəzər TV-də Lalə Azərtaşın aparıcılıq etdiyi “Təsir dairəsi” verilişinin efirdən qaldırılması televiziya siyasətində ciddi yenilənmələrin aparıldığını göstərir.


Bu qərarlar təkcə ayrı-ayrı layihələrin taleyi ilə məhdudlaşmır, eyni zamanda tamaşaçı zövqünə, kontent strategiyasına və ümumilikdə Azərbaycan televiziyasının gələcək inkişaf istiqamətlərinə təsir edir.  


"Problemli kontentin sonu"

Yayımı dayandırılan verilişlərin fəaliyyətinə qısaca nəzər salsaq, ortaq bir mənzərə ilə qarşılaşırıq. Bu proqramlar bəzən tamaşaçını güldürüb – lakin çox vaxt kiminsə aşağı intellekti və ya şəxsi dramı üzərindən. Bəzən isə insanların emosional boşluğundan istifadə edərək onları ağladıb, ekran qarşısında süni dramatizm yaradıb.

Bir çox hallarda verilişə üz tutan şikayətçilərdən sanki aktyorluq tələb olunub. “Problemin həlli” adı altında təqdim edilən süjetlər əslində reytinq qazanmağa hesablanıb. İnsan taleləri televiziya məhsuluna çevrilib. 

Bu verilişlər həm də cəmiyyətə müəyyən “ekspert” kütləsi təqdim edib. Lakin bu “ekspertlərin” bir qismi peşəkar yanaşmadan uzaq davranışları ilə yadda qaldı:


– Şikayətçiləri aşağılayan,

– Onların üzərinə qışqıran,

– Bəzən aqressiv davranış nümayiş etdirən,

– Bir-iki sertifikatı ilə özünü psixoloq və ya sosioloq kimi təqdim edən şəxslər.

Bu mənzərə təkcə televiziya etikası deyil, həm də ictimai psixoloji mühit baxımından suallar doğururdu. 

"Boşluq yaranacaqmı?"


Bəs bu verilişlərin efirdən qaldırılması hansısa boşluq yaradacaqmı?

Zənnimcə, sosial şəbəkədə istifadəçilərdən birinin yazdığı şərh bu suala ironik də olsa verilmiş ən yaxşı cavabdır: 

“İndi nənəm kimə baxıb ağlayacaq?”. 

Amma məsələ yalnız bununla bitmir. Acı həqiqət budur ki, hər üç verilişin kifayət qədər geniş izləyici kütləsi var idi. Bu isə daha ciddi bir sual yaradır:

Televiziyalar bu auditoriyanı saxlamaq üçün nə təklif edəcəklər?

"Yeni mərhələdə nə gözlənilir?"

Seçim zamanıdır. Televiziya ya əvvəlki modelin başqa formalarını təqdim edəcək, ya da həqiqətən yeni və keyfiyyətli mərhələyə keçəcək.  


Müsbət ssenari belə ola bilər:

– Maarifləndirici və sosial məsuliyyətli verilişlərin artması,

– Real ekspertlərin efirə çıxarılması,

– Ailə, psixologiya və sosial problemlərin daha etik və peşəkar şəkildə işıqlandırılması,

– Əyləncə kontentində səviyyənin yüksəldilməsi.

Eyni zamanda, tamaşaçı zövqünün də formalaşdırılması vacibdir. Televiziya yalnız tələbi qarşılamamalı, həm də zövq yaratmalıdır. Əks halda, aşağı səviyyəli kontent yenidən fərqli adlarla efirə qayıda bilər.    

"Nəticə"

Bu dəyişikliklərə həm risk, həm də fürsət kimi baxmaq olar. Bir tərəfdən populyar, amma mübahisəli verilişlər bağlanır, digər tərəfdən isə daha sağlam media mühiti qurmaq üçün imkan yaranır.  

Bizə isə ancaq gözləmək, izləmək və nəticəni görmək qalır.

Ümid etmək istərdik ki, bu dəfə dəyişikliklər formal deyil, məzmun etibarilə də baş verəcək. Və nəhayət, efirdə yalnız reytinq yox, keyfiyyət də əsas meyara çevriləcək.

Necə deyərlər, islahatlar yaxşıdır – amma pisdən yaxşıya doğru aparıldıqda...


Günəş Mərd

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər