Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur
Bu gün - 22 iyul Azərbaycan milli mətbuatının yaranma günüdür.
TodayPress TV xəbər verir ki, 151 il əvvəl, 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk milli qəzetimiz olan “Əkinçi”nin ilk sayı çap olunub.
Cəmi iki il fəaliyyət göstərən “Əkinçi” qəzeti Azərbaycan mətbuat tarixində mühüm iz buraxıb. Qəzet 1875-ci ildən 1877-ci ilədək nəşr olunub və bu müddətdə 56 sayı işıq üzü görüb. “Əkinçi”nin əsas məqsədi xalqı maarifləndirmək, elmə və təhsilə marağı artırmaq olub.
Qəzetin ərsəyə gəlməsində dövrün tanınmış ziyalıları Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani də iştirak ediblər.
“Əkinçi”dən sonra Azərbaycanda müxtəlif qəzet və jurnallar nəşrə başlayıb, milli mətbuat tədricən inkişaf edib. Bu gün isə ölkədə çap mediası ilə yanaşı, televiziya, radio və internet media qurumları fəaliyyət göstərir.
22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Bu gün həm mətbuat tarixini xatırlamaq, həm də cəmiyyətin məlumatlandırılmasında rol alan jurnalistlərin əməyini qiymətləndirmək üçün əlamətdar gündür.