Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...

Adamın gərək “naxış”ı ola - Mənasız bayram polemikaları...
19.03.2026 14:00 Gündəm

Bayramın bayrama qarışdığı gündə sosial şəbəkədə xanımlardan birinin paylaşdığı əcaib bir post qarşıma çıxdı. Xanım postda səliqəsiz şəkildə kəsilmiş bir paxlavanın fotosunu paylaşaraq bunları yazmışdı:

“Bir qadının bacarığı, əl səliqəsi bu olmalıdırmı? Yəni qadın özünə yetəcək qədər əl qabiliyyətinə malik olmamalıdırmı?”.

Əslində bu postu qarşı cinsdən biri paylaşsa idi, haradasa başa düşmək olardı. O mənada ki, qadın-kişi qarşıdurmaları, ittihamları cəmiyyətdə hər zaman olub. Çoxu da bu mövzunun üzərindən prim qazanıb. Amma bu xanımın postu başqadır. Çünki burada artıq “tənqidi” qarşı tərəfdən yox, elə eyni tərəfdən biri edir.


Biz cəmiyyət olaraq artıq xeyli müddətdir ki, qadını kişi ilə müqayisə edirik. Bəlamız odur ki, ya bu iki cinsi bərabərləşdirməyə çalışırıq, ya da birini digərindən üstün tuturuq. Görünən odur ki, bizim cəmiyyət üçün orta hədd anlayışı demək olar ki, yoxdur. Biz ya kökündən vururuq, ya da heç gövdəyə belə toxunmuruq. Bu mövzuda isə artıq xeyli müddətdir ki, dibə vurmuşuq. 

Kapitalizmin bizə aşıladığı dəyərlər bizi məcbur edir ki, kapitalı önə çəkək. Bizim üçün əvvəl “kapital”gəlir. İnsanların dəyəri, funksiyası, hətta xoşbəxtliyi belə çox vaxt qazancı ilə ölçülür. Bu düşüncə isə həyatın digər sahələrində olduğu kimi, ailə məsələlərində də özünü göstərir. 

Qadınların iş həyatına atıldığı ilk günlərdən indiyə qədər uzun və çətin bir yol qət olunub. Bu yolda əzilən də olub, üzülən də, mübarizə aparan da. Və nəhayət gəlib bu günlərə çıxılıb.  


İndi çalışan qadınlar əvvəlki illərlə müqayisədə daha çoxluq təşkil edir. Əvvəllər çalışmaq qadın üçün seçim idisə, indi bu, zərurətə çevrilib. Artan həyat xərcləri, iqtisadi reallıqlar, ailə büdcəsinin yükü bunu qaçılmaz edir. Bu günə olan valyuta məzənnələrindən xəbərsiz olanlar bəlkə də bunu başa düşməyəcəklər, amma, ay camaat, reallıq dəyişib...

Əvvəl qadına evinin xanımı olmaq öyrədilirdisə, indi ondan həm işinin “kişisi”, həm də evinin “xanımı” olması tələb olunur. Qadın işləyir – bu, əlbəttə ki, müsbət haldır. Amma məsələ burasındadır ki, onun üzərindən köhnə gözləntilər götürülməyib. Əksinə, yeni rollar əlavə olunub. Poetik desək, indi qadınlara bir filmdə iki yox, bəzən üç-dörd rol həvalə olunur.    

Fikir vermişəm, xüsusilə bayram dönəmlərində bu cür polemikalar daha da artır. Qadınlar qadınlardan səliqə tələb edir. Qayınana gəlindən, gəlin baldızdan, ana qızdan, nənə anadan. Sanki görünməz bir “standart” var və hər kəs ona uyğun olmalıdır. Məsələ nədir? Şəkərburanın naxışı niyə düz çıxmadı? Paxlava niyə səliqəli kəsilmədi? Kənarları niyə eyni deyil? 

Bəs bu sualların arxasında duran daha böyük sual niyə verilmir?

Gününün böyük hissəsini işdə keçirən, fiziki və psixoloji olaraq yorulan bir qadından niyə hələ də mükəmməl evdar qadın performansı gözlənilir? Niyə onun zəhməti, yorğunluğu, məsuliyyəti yox, yalnız nəticənin “estetikası” müzakirə olunur? 


Əslində məsələ şəkərburaya necə naxış vurulması deyil. Məsələ bizim nəyi prioritet hesab etməyimizdir. Biz insanın əməyini, zəhmətini, gündəlik mübarizəsini deyil, onun təqdim etdiyi “görüntünü” qiymətləndiririk. Bu isə bizi getdikcə daha səthi və daha sərt bir cəmiyyətə çevirir.   

Bəzən düşünürəm ki, qadınlardan mükəmməllik tələb etməklə onları ancaq yormaq olar. Çünki bu gözləntilər real deyil. Real olmayan gözləntilər isə yalnız problemlər yaradır.  

Bəlkə də artıq bəzi şeyləri dəyişməyin vaxtıdır. Bəlkə də qadının paxlava kəsmək bacarığını yox, həyatın ağırlığını necə daşıdığını qiymətləndirməyi öyrənməliyik. Bəlkə də “əl qabiliyyəti” dediyimiz anlayışı bir az genişləndirməliyik – yalnız xəmir yoğurmaq yox, həyat qurmaq, problem həll etmək, ailə saxlamaq da bacarıqdır.

Və ən əsası, bəlkə də bir-birimizi daha az mühakimə edib, daha çox anlamağa çalışmalıyıq.  

Çünki məsələ naxışda deyil.      

Məsələ o naxışı çəkməyə vaxtı və gücü qalan insanın olub-olmamasındadır. Gündəlik həyatda gördüyüm yarıyuxulu qalxıb işə gedən, axşam ağır torbalarla evinə dönən xanımlardan bir də naxış tələb etmək haradan baxsaq, hansısa suveren ölkənin ərazisini işğal etməyə çalışmaq cəhdi qədər təhlükəlidir.  

Bütün hallarda adamın gərək “naxış”ı ola… 


Günəş Mərd

XƏBƏR LENTİ
15 IYUN 2026
Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Bütün Xəbərlər