SEPAH Bəhreyn və Küveytə cavab hücumu etdi - 85 hərbi obyekt vuruldu
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin son hava zərbələrinə cavab olaraq bölgədəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bəyanata görə, ilkin cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ümumilikdə 85 ABŞ hərbi hədəfi vurulub.
Bildirilir ki, hədəflər arasında Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazası, Küveytdəki Əli Salem Hərbi Hava Bazası və Port Salmandakı hərbi obyektlər yer alıb. Bəyanatda həmçinin bir ədəd MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğu iddia edilib.
İran mediası bundan əvvəl Hörmüzqan əyalətinin Sirik rayonu və Qeşm adası yaxınlığında bir neçə partlayışın baş verdiyini xəbər vermişdi.
İran dövlət televiziyasının (IRIB) məlumatına görə, Sirik limanına endirilən zərbələr nəticəsində bir neçə nəfər yaralanıb. Yerli rəsmilər isə Bəndər Abbasdakı balıqçılıq körpəsi yaxınlığında mərmilərin düşməsi nəticəsində bəzi balıqçı qayıqlarının yandığını bildiriblər.
ABŞ tərəfi isə hələlik iddialarla bağlı rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli