BMT Ermənistanı biabır etdi - Həbslərə görə hesabat istədi
BMT-nin altı müstəqil insan hüquqları eksperti Ermənistanın Baş yepiskopu Baqrat Qalstanyan və digər 17 nəfərə qarşı qaldırılmış cinayət işinin aparılma formasını sual altına alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) dərc etdiyi rəsmi məktublaşmada qeyd edilib.
Məlumata görə, Ermənistan bu iddiaları rədd edərək, işin terrorçuluğa hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı sübutlara əsaslandığını bildirir.
Ekspertlər Ermənistanın müxalif "Müqəddəs Mübarizə" hərəkatının üzvlərinə qarşı antiterror və milli təhlükəsizlik qanunvericiliyini tətbiq etməsini şübhə altına alıblar.
Onlar bildiriblər ki, əldə etdikləri məlumatlara görə, ictimaiyyətə açıq olan sübutların böyük hissəsi aydın terror və ya zorakılıq əməllərindən daha çox, siyasi müxalifət və etiraz fəaliyyəti ilə bağlıdır.
Müşahidəçilər, həmçinin 12 iyun 2024-cü il etirazları zamanı polisin mütənasib olmayan güc tətbiq etməsi, telefon dinləmələrinin seçmə üsulla dərc olunması və ədalətli məhkəmə təminatlarını sarsıda biləcək məhdudiyyətlərlə bağlı hesabatlara istinad ediblər.
Hərçənd ki, faktlarla bağlı qəti nəticə çıxarmadıqlarını vurğulayan ekspertlər xəbərdarlıq ediblər ki, iddialar təsdiqini tapacağı təqdirdə, bu, Ermənistanın beynəlxalq insan hüquqları öhdəlikləri ilə ziddiyyət təşkil edə bilər.
Onlar ittihamların hüquqi əsası, həbs qətimkan tədbirinin tətbiqi, polisin cavab tədbirləri, eləcə də söz azadlığı, dinc toplaşmaq və siyasi iştirak hüquqlarını qoruyan təminatlarla bağlı izahat tələb ediblər.
Ermənistan isə, öz cavabında bu iddiaları rədd edərək bildirib ki, cinayət işinin təqsirləndirilən şəxslərin siyasi və ya dini baxışları ilə heç bir əlaqəsi yoxdur və o, terror aktlarına hazırlıq və hakimiyyətin zorla ələ keçirilməsini sübut edən faktlara əsaslanır.
Hökumət, həmçinin etirazların kütləvi iğtişaşlara çevrildiyini, polisin qanuni və mütənasib şəkildə hərəkət etdiyini, həbs qərarlarının isə məhkəmələr tərəfindən fərdi qaydada çıxarıldığını iddia edir.
Qeyd edək ki, "Müqəddəs Mübarizə" hərəkatı 2024-cü ildə Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi (delimitasiya) prosesinə etiraz olaraq meydana gəlib, daha sonra isə Paşinyanın istefasını tələb edən ümumölkə kampaniyasına çevrilib. 2025-ci ildə səlahiyyətli dövlət orqanları Baş yepiskop Qalstanyan da daxil olmaqla 18 nəfərə qarşı terrorçuluqla bağlı əməllər və hakimiyyəti ələ keçirməyə cəhd ittihamları irəli sürüb.
Jalə Rövşən