Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
12.11.2025 12:25 Daxili siyasət

Prezident İlham Əliyev “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Düz 30 il əvvəl bu gün – 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq, ümumxalq səsverməsi – referendum yolu ilə suveren Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etmişdir. Müstəqilliyinin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı, daxili gərginliyin hökm sürdüyü bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla, Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcını qoymuşdur.

Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın qabaqcıl demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.

Əsas Qanunda Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq bəyan edilmiş, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.

Qəbulundan keçən dövr ərzində Konstitusiya ölkə daxilində aparılan çoxşaxəli islahatlar və qloballaşan dünyaya inteqrasiya üçün özül qismində çıxış etmiş, cəmiyyətdə qanunun aliliyinin təmini, azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafı, xalqın tarixi, milli-mədəni irsinin qorunması istiqamətində əvəzsiz rola malik olduğunu və sağlam təməllər üzərində qurulduğunu sübut etmişdir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva etmişdir.

Bu il biz həm də işğala məruz qalmış torpaqlarımızın azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edirik. Ölkənin ərazi bütövlüyünün və dövlətin suverenliyinin bərpası Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoymuş, həmçinin iqtisadi, sosial və mədəni sahələrlə yanaşı, hüquqi sahədə də islahatlar aparılmasını zəruri etmişdir. Bu baxımdan, əminəm ki, konfransda konstitusiya quruculuğu sahəsində tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif aktual mövzularda aparılacaq müzakirələr, əldə olunacaq nəticələr Konstitusiyanın aliliyinin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində öz töhfəsini vermiş olacaqdır.

Bir daha Sizi Bakıda ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram".

Prezident İlham Əliyev

TodayPress TV


XƏBƏR LENTİ
16 IYUN 2026
DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Bütün Xəbərlər