Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ
29.12.2025 17:10 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

TodayPress TV xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.

Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.

Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun "Xətai" stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağaclarını əkdilər.

Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.

Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.

8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı "Six Public Clocks" adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.

Meydanda yerləşən Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı "Flaminqo" əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.

Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.

Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz “Bakı Ağ Şəhər”də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

TodayPress TV

***

12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 1
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 2
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 3
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 4
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 5
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 6
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 7
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 8
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də oldu - YENİLƏNDİ — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər