Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər?
1918-ci ilin 27 iyununda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Gəncədə qəbul edilən bu rəsmi qərar Azərbaycanın çoxəsrlik tarixində mühüm bir dönüş nöqtəsi oldu.

Həmin tarixi sənədlə Azərbaycan dili ölkə ərazisində ilk dəfə rəsmi olaraq dövlət dili elan edildi. Bu, sadəcə hüquqi bir akt deyil, əsrlərlə müxtəlif imperiyaların tərkibində sıxışdırılan, ərəb, rus dilinə məruz qalan lakin xalqın yaddaşında qorunub saxlanılan milli kimliyin dövlət səviyyəsində bəyanı idi.
Çar Rusiyasının müstəmləkəçilik siyasəti dövründə ana dilimiz rəsmi idarəçilikdən, təhsildən və qanunvericilikdən tamamilə uzaqlaşdırılmışdı.
Qərardan dərhal sonra dövlət idarələrində kargüzarlıq, rəsmi yazışmalar və məhkəmə işləri məhz doğma dilimizdə aparılmağa başlandı. Cümhuriyyət hökuməti qısa müddətdə məktəblərin milliləşdirilməsi prosesinə başladı. Ana dilində dərsliklər hazırlandı, müəllim kadrları yetişdirildi. Qəzetlər, teatr tamaşaları, ədəbi əsərlər və dövlət qərarları xalqın anladığı dildə kütlələrə çatdırıldı. Bu, milli təfəkkürün, azərbaycançılıq ideologiyasının və vətənpərvərlik ruhunun cəmiyyətdə kök salmasını təmin etdi.
1918-ci il iyunun 27-də əsası qoyulan bu dil siyasəti sonrakı onilliklərdə, xüsusən də XX əsrin 70-ci illərindən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Bu gün müstəqil Azərbaycan Respublikasında dövlət dilinin qorunması, inkişafı və beynəlxalq kürsülərdən eşidilməsi məhz Cümhuriyyət dövründə qoyulmuş o möhkəm təməlin və varislilik ənənəsinin bəhrəsidir.
Türkan İsgəndərli