Milli Məclisin qərarı yeni suallar yaratdı: Cəzalananları nə gözləyir?
Milli Məclisin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərinin xaricdən ölkəyə qaytarılmamasına görə nəzərdə tutulan cinayət məsuliyyətini ləğv etməsi iqtisadçı Natiq Cəfərli tərəfindən müsbət qiymətləndirilib.

TodayPress TV xəbər verir ki, bununla yanaşı, o, bu müddəanın tətbiqi nəticəsində zərər çəkmiş şəxslərin taleyi ilə bağlı sualların açıq qaldığını bildirib.
"Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir. Bir neçə il əvvəl qəbul edilən qanuna əsasən, müəyyən edilmiş müddətdə xaricdə olan valyuta vəsaitlərini ölkəyə gətirməyən şəxslər üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilirdilər".
İqtisadçının sözlərinə görə, həmin dövrdə bu qanunun qəbuluna qarşı ciddi etirazlar səsləndirilib və onun hüquqi, iqtisadi baxımdan yanlış olduğu vurğulanıb:
"Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik. Hətta vətəndaşın mülkiyyət hüququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını bildirdik. Amma dinləmədilər. Qanunun tətbiq olunduğu müddətdə çoxsaylı insanlar inzibati və cinayət təqibinə məruz qalıb. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb olundu".
Natiq Cəfərli hesab edir ki, qanunun ləğvi gecikmiş olsa da, düzgün qərardır. Bununla belə, o, daha əvvəl bu norma əsasında cəzalandırılmış şəxslərin hüquqlarının necə bərpa ediləcəyinin də izah olunmalı olduğunu vurğulayıb.
İqtisadçı hesab edir ki, qanunvericilikdə edilən bu dəyişikliklə yanaşı, əvvəlki norma əsasında zərər çəkmiş şəxslərin hüquqi vəziyyətinə də yenidən baxılması vacibdir.
Türkan İsgəndərli