Bir sıra məhsul və xidmətlər üzrə qiymətlər müəyyənləşdirildi

Bir sıra məhsul və xidmətlər üzrə qiymətlər müəyyənləşdirildi
30.12.2025 14:43 Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Tarif Şurasının məlumatında bildirilib.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, “Azərişıq” ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək.

Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.

Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.

“Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi” üzrə təbii qaz tarifi müəyyənləşdirilib.

Ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin qurulması istiqamətində işlər aparılır.

Bununla əlaqədar, dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifi azaldılaraq, 1000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilmişdir. Qeyd edək ki, hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını, bu sahə üzrə dəyər zəncirinin formalaşmasını stimullaşdıracaq.

Bu sahədə Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Daşkəsən dəmir filizi layihəsi çərçivəsində dəyər zənciri üzrə filizin hasilatından başlayaraq dəmir filizi konsentratının istehsalı, şlam boru kəməri ilə nəql və son mərhələdə pellet istehsalı nəzərdə tutulur. Bu layihə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etməklə qeyri-neft-qaz sektorunun inkişafına töhfə verəcək.

Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.

“Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.

Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.

Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.

Bir qrup dərmanın qiyməti tənzimlənib.

Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.

Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.

Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.

Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.

Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Bütün Xəbərlər