Tovuz döyüşlərindən 6 il ötür
Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Tovuz döyüşlərinin başlamasından 6 il keçir.
TodayPress TV xəbər verir ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində dövlət sərhədində atəşkəsi pozaraq Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutub.
Beş gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirib. Döyüşlərdə 12 hərbi qulluqçumuz şəhid olub. Qarşı tərəfin 100-dən çox canlı qüvvəsinin məhv edildiyi, həmçinin xeyli sayda döyüş texnikasının sıradan çıxarıldığı bildirilib.
Tovuz döyüşləri Azərbaycanın yaxın hərb tarixinin mühüm hadisələrindən biri hesab olunur. Həmin döyüşlərdə göstərilən qəhrəmanlıq sonradan Vətən müharibəsində qazanılan Zəfərə gedən yolda mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.