Əfsanəvi elit bölmə: “Alfa” qrupunun sirli dünyası

Əfsanəvi elit bölmə: “Alfa” qrupunun sirli dünyası
18.02.2026 18:55

Rusiyanın təhlükəsizlik arxitekturasında xüsusi çəkisi ilə seçilən “Alfa” qrupu yarım əsrə yaxındır ölkənin ən məxfi elit bölmələrindən biri hesab olunur. Bu qurum hazırda Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) strukturuna daxildir. FSB-nin Xüsusi Təyinatlı Mərkəzinin əsas əməliyyat bölmələrindən biri olan “Alfa” qrupu yüksək riskli tapşırıqları yerinə yetirir.


“Alfa” qrupu 29 iyul 1974-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK/KQB) tərəfindən yaradılıb. Təşəbbüsün müəllifi DTK-nın o zamankı sədri Yuri Andropov olub.


1970-ci illərin əvvəllərində beynəlxalq terror hadisələrinin artması, xüsusilə 1972-ci il Münhen Olimpiadasında baş verən hücum, SSRİ rəhbərliyini xüsusi antiterror bölməsi formalaşdırmağa vadar etmişdi. Məqsəd həm ölkə daxilində, həm də xaricdə sovet maraqlarını qorumaq və girov böhranlarına operativ reaksiya vermək idi.

İlk illərdə bölmə “A qrupu” adı ilə tanınırdı, “Alfa” adı isə sonradan geniş yayılıb. SSRİ dövründə ilkin heyət təxminən 30 nəfərdən ibarət olub. Bölməyə seçim əsasən hava-desant qüvvələri, xüsusi kəşfiyyat bölmələri və DTK əməkdaşları arasından aparılırdı. Namizədlərdən yüksək fiziki hazırlıq, psixoloji dayanıqlıq və məxfilik tələb edilirdi.


1979-cu ildə Əfqanıstanda həyata keçirilən “Ştorm-333” əməliyyatı “Alfa” qrupu üçün dönüş nöqtəsi sayılır. KQB-nin xüsusi təyinatlıları prezident Hafizullah Aminin iqamətgahına hücum edərək bölmənin döyüş qabiliyyətini nümayiş etdiriblər.

SSRİ dağıldıqdan sonra “Alfa” qrupu müxtəlif təhlükəsizlik qurumlarının tabeliyində fəaliyyət göstərib. 1995-ci ildən bölmə rəsmi şəkildə FSB strukturuna daxil edilib, üç il sonra isə FSB-nin Xüsusi Təyinatlı Mərkəzinin əsas vahidlərindən biri kimi təşkil olunub. Bu mərkəzə “Alfa” ilə yanaşı, “Vımpel” kimi digər elit bölmələr də daxildir. Hazırda “Alfa” qrupu birbaşa FSB direktoruna tabedir və əməliyyatlar yüksək məxfilik şəraitində planlaşdırılır. Aktiv heyətin bir neçə yüz nəfərdən ibarət olduğu bildirilir.


“Alfa” qrupu bir sıra səs-küylü əməliyyatlarla tanınır. 1995-ci ildə Budyonovsk xəstəxanasında, 2002-ci ildə Moskvanın Dubrovka teatr mərkəzində və 2004-cü ildə Beslan məktəbində baş verən girov böhranlarında xüsusi əməliyyatlar həyata keçirilib. Bölmə eyni zamanda Şimali Qafqazda terrorla mübarizə əməliyyatlarında və strateji obyektlərin mühafizəsində iştirak edib.


Bölmənin daxili strukturu yüksək ixtisaslaşmış qruplardan ibarətdir. Buraya antiterror əməliyyat dəstələri, snayper və uzaq məsafəli dəstək bölmələri, partlayıcı maddələrin aşkarlanması və zərərsizləşdirilməsi üzrə mühəndis qrupları, analitik və operativ planlaşdırma bölmələri, həmçinin texniki və rabitə təminatı daxildir. Bu struktur “Alfa” qrupuna şəhər mühitində və çətin relyef şəraitində kompleks əməliyyatlar aparmağa imkan verir.

Silahlanma və texnoloji təminat müasir səviyyədədir. Bölmə müxtəlif hücum tüfəngləri, snayper sistemləri, səssiz silahlar və xüsusi texniki vasitələrlə təchiz olunub. Əməliyyatlarda gecə görmə cihazları, termal kameralar, optik nişangahlar, fərdi müdafiə vasitələri, şifrələnmiş rabitə sistemləri və pilotsuz uçuş aparatlarından istifadə olunur.


“Alfa” qrupu ayrıca hava qüvvəsinə malik deyil, lakin əməliyyatlarda FSB və ya Rusiya Müdafiə Nazirliyinin aviasiya imkanlarından istifadə edir. Zərurət yarandıqda digər xüsusi təyinatlı bölmələrlə koordinasiyalı əməliyyatlar həyata keçirilir.

Əməkdaşların seçimi son dərəcə sərtdir. Namizədlər fiziki, tibbi və psixoloji testlərdən keçir, yaxın məsafəli döyüş, paraşütlə eniş, alpinizm, sualtı hazırlıq və xüsusi atıcılıq üzrə intensiv təlimlər alırlar.


“Alfa” qrupu yarandığı gündən yüzlərlə məxfi əməliyyatda iştirak edib və bu gün də Rusiyanın təhlükəsizlik sistemində ən güclü və gizli xüsusi təyinatlı bölmələrdən biri hesab olunur.

Nicat Osmanlı

XƏBƏR LENTİ
30 IYUL 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Bütün Xəbərlər