Pekində tarixi parad: İştirak edən ölkə ekspertləri DANIŞDI

Pekində tarixi parad: İştirak edən ölkə ekspertləri DANIŞDI
04.09.2025 09:52

Senyabrın 3-də Pekində Çin xalqının Yaponiyaya qarşı müqavimət müharibəsində və İkinci Dünya Müharibəsində qazandığı qələbənin 80 illiyinə həsr olunmuş hərbi parad keçirilib. 

Paradda 26 ölkənin lideri iştirak edib.

TodayPress TV xəbər verir ki, onların arasında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen In, İran, Slovakiya, Pakistan, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Monqolustan, Vyetnam, İndoneziya və digər ölkələrin başçıları var.

Pekinin Tyananmen meydanında 45 hərbi bölmənin iştirakı ilə keçirilən hərbi parad 70 dəqiqə davam edib.

Maraqlıdır, paradda iştirak edən xarici ölkələrin ekspertləri bunu necə qiymətləndirir?

"Ərdoğan paradda özü iştirak etməyərək NATO-ya mesaj verdi"

Mövzu ilə bağlı TodayPress TV-yə danışan “Kafkassam” analitik mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib ki, Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Dövlət Başçıları Sammitində dialoq tərəfdaşı qismində iştirak edib və toplantıda geniş nümayəndə heyəti ilə təmsil olunub:

"Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmədi. Onun əvəzinə xarici işlər naziri Hakan Fidanı mərasimə qatılmaq üçün vəkil etdi. Ərdoğan bir NATO ölkəsinin rəhbəri kimi bu tədbirlərdə şəxsən iştirak etməyərək, əslində, diplomatik bir incəlik nümayiş etdirdi. Hakan Fidanın iştirak etməsi ŞƏT-i məmnun etsə də, prezidentin özünün iştirak etməməsi NATO tərəfinə mesaj kimi dəyərləndirilib. Yəni Türkiyə bu prosesi ikili diplomatiya ilə aparmış oldu. Türkiyənin Yaponiya ilə münasibətləri də kifayət qədər yaxşı olduğundan, bu addım həm Yaponiyaya, həm NATO ölkələrinə, həm də Şanxay Əməkdaşlıq Təşkilatına mənalı mesaj kimi çatdırıldı".


Professor, həmçinin əlavə edib ki, Türkiyə ötən il qatıldığı ŞƏT toplantısında xoş niyyət göstəricisi olaraq birliyə üzv olmaq istəmişdi. Lakin Hindistan Türkiyə–Pakistan münasibətlərinin yaxşı olmasını nəzərə alaraq, özünə qarşı cəbhə formalaşdırılacağı qorxusu ilə Türkiyənin üzvlüyünə veto qoyacağını bildirdiyindən, Ankara üzvlükdən imtina edib. Eyni qaydada bu toplantıda da Hindistan Azərbaycanın birliyə üzv olmasını əngəllədi.

"İran Çinlə birgə addımlamaq istəyir"

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib ki, Avropa və ABŞ ilə müqayisədə İranın Çinlə əlaqələri yüksək səviyyədədir:

"İran istəyir ki, Çinlə birgə addımlasın. Çinin isə mövqeyini irəliləyən zamanlarda görəcəyik. Prezident Məsud Pezeşkianın Qələbə paradında iştirakı o demək deyil ki, İranın Yaponiya və ya başqa ölkələrlə əlaqələri inkişaf etdirilməyəcək. Həmçinin İran bununla ABŞ və Qərbə göstərmək istəyir ki, bizim seçimimiz var, bizimlə məntiqli yola gəlin". 


Sabiq səfirin sözlərinə görə, beynəlxalq sistem hazırda qarışıq vəziyyətdədir, çünki ABŞ Prezidenti Donald Trampın siyasəti Çinin və Hindistanın Rusiya ilə yaxınlaşmasına səbəb olub. O düşünür ki, ABŞ Prezidenti Donald Tramp bu prosesi davam etdirsə, İran, Çin, Hindistan, Rusiya, Şimali Koreya və digər dövlətlər ABŞ-yə qarşı birləşməyə məcbur olacaq.

"Reputasiyanı balanslaşdırmaq cəhdi kimi..."

Slovakiyalı politoloq Marian Duris ölkəsinin paradda təmsil olunmasını Slovakiya diplomatiyasının elan olunmuş “dörd istiqamətli” xarici siyasətinin tərkib hissəsi kimi qiymətləndirib. Politoloq izah edib ki, bu, iki bölümdən ibarətdir:

"Birinci bölüm Çinin Slovakiyaya yatırdığı investisiyaların nəticəsi olaraq Çinlə əlaqələrin gücləndirilməsidir. İkinci hissə isə hakim partiyalar koalisiyası tərəfindən daxili seçicilərə verilən siqnaldır. Çünki bir çox seçici Avropa səviyyəsində Slovakiya diplomatiyasının “düşüncə tərzi” və tabeliyindən narazıdır. Buna görə də bunu onların gözündə öz reputasiyasını balanslaşdırmaq cəhdi kimi dəyərləndirmək olar".


"Sınaqdan keçmiş münasibətlər"

Pakistanın Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) prezidenti Maria Sultan isə Pakistanın paradda iştirakını belə qiymətləndirib:

"Bu, Pakistan və Çinin qlobal ədalətsizliyə qarşı mübarizəsini, həmçinin hər iki ölkənin müstəqilliyini milli azadlıq və müqavimət müharibəsi yolu ilə qazanması faktını dərk edən strateji münasibətlərə sahib olduqlarını göstərir. Hər iki dövlət arasında müdafiə sahəsində əməkdaşlıq isə zamanla sınaqdan keçmiş və düşünüldüyündən də çox uyğunlaşdırılmışdır".


"Çində sülh mesajı verildi"

Paradda həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan da iştirak edib. Erməni jurnalist Natali Aleksanyan bunu müsbət qiymətləndirir:


"Ermənistan kiçik dövlət olsa da, bu cür beynəlxalq səviyyəli tədbirdə iştirak etmək bizim üçün önəmlidir. Bu gün belə paradlarda iştirak sadəcə formal addım deyil, tarixə və müttəfiqlərə ehtiram borcudur.

Eyni zamanda qeyd etməliyəm ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Anna Akopyanın Çində çəkilən birgə fotoları da sülh mesajı verir və göstərir ki, hərbi parad ab-havasında belə sülh çağırışı üstünlük təşkil etməlidir".


Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Bütün Xəbərlər