Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN
Ermənistanda keçirilən parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın müxalif liderlərə qarşı fəaliyyəti kəskinləşib. Paşinyanın "sındırılacağını" bəyan etdiyi üç əsas simadan biri – ölkənin ikinci prezidenti Robert Koçaryan Zvartnots Hava Limanında saxlanıldl və ölkədən çıxışına qadağa qoyuldu.
Bənzər məhdudiyyətlərin digər müxalif fiqur Qaqik Tsarukyana qarşı da tətbiq edilməsi Paşinyan hakimiyyətinin rəqiblərinə qarşı ciddi hüquqi və siyasi proses başlatdığını göstərir. Ermənistan daxilində halqanın daraldığı bir vaxtda, keçmiş prezidentin aqibəti ilə bağlı Bakıda da fərqli ssenarilər müzakirə olunur. Bu kontekstdə ən çox maraq doğuran məqam budur: Koçaryan Azərbaycana veriləcəkmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bunun çox gözəl addım ola biləcəyini bildirib.

Çünki Robert Koçaryan Azərbaycan xalqına qarşı tətbiq olunan soyqırım siyasətinin istər Qarabağda, istərsə də Ermənistanda başında duran əsas fiqurdur. Ancaq ekspertin izahına görə, hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyasının Koçaryanı hansı əsasla Azərbaycana verəcəyi məsələsi problematikdir:
“Bu gün o, Nikol Paşinyana müxalif olmuş olsa, hətta erməni xalqının düşməni adlandırılsa da, həbs olunaraq Azərbaycana təhvil verilməsi erməni ictimaiyyəti tərəfindən müsbət qarşılanmayacaq. Bunu Paşinyan da bilir. Çünki heç bir erməni içlərindən ən pisinin belə Azərbaycana verilməsini istəmir.
Digər tərəfdən, onun Azərbaycana təhvil verilməsi Azərbaycana qarşı tətbiq olunan cinayətin, o cümlədən Xocalı soyqırımının Ermənistan rəhbərliyi tərəfindən etiraf edilməsi anlamına gələcək. Nikol Paşinyan bunu anlayır, amma bu, mənfi əks-əlaqə ilə Paşinyanın özünə qayıdacaq. Ona görə də Robert Koçaryanın həbs olunaraq Azərbaycana verilməsi mümkün deyil”.
Natiq Mirinin fikrincə, Koçaryanın həbsi iki əsas səbəblə bağlı ola bilər: 1 Mart hadisələri zamanı etirazçılara atəş açılması əmrini məhz onun verməsi və ya digər korrupsiya məsələləri:
“Bu həbslər mümkündür və hansısa mərhələdə həyata keçiriləcək. O, Ermənistanda, Ermənistan cəmiyyətinə qarşı törətdiyi cinayətə görə həbs olunacaq. Əgər bu cinayət maddəsinin tərkibində Azərbaycan xalqına qarşı törədilmiş cinayət istiqaməti də olsaydı, onda inanmaq olardı ki, Ermənistanda həbs olunandan sonra o, Azərbaycana təhvil verilə bilər. Ancaq onun törətdiyi cinayət məsuliyyətinin tərkibində Azərbaycana, Azərbaycan xalqına qarşı cinayət elementləri mövcud deyil. Yəni konkret cinayət maddəsində bu, ehtiva olunmur. Ona görə də belə bir şey nə qədər arzulansa da, düşünürəm ki, mümkün olmayacaq”.
Qiymət Mahir