"Münxen Təhlükəsizlik Konfransı bununla tarixə düşə bilər" - Ramiz Yunus AÇIQLADI

"Münxen Təhlükəsizlik Konfransı bununla tarixə düşə bilər" -  Ramiz Yunus AÇIQLADI
16.02.2026 09:52

13–15 fevral 2026-cı ildə Münxendə keçirilən Münxen Təhlükəsizlik Konfransı ona görə tarixə düşə bilər ki, uzun illərdən sonra Avropa ilk dəfə burada konkret addımlar haqqında danışmağa başladı. 


2007-ci ildə məhz bu zalda Rusiya Prezidenti Putinin çıxışı səslənmişdi — Qərbə açıq çağırış, müharibədən sonrakı nizamın yenidən nəzərdən keçirilməsi və təsir dairələri siyasətinə qayıdış iddiası. O zaman bir çox Qərb liderləri bunu Kremlin sərt ritorikası kimi qəbul etməyə üstünlük verdilər. Bu illüziyanın qiyməti isə olduqca ağır oldu.


Xatırladım ki, Münxen Konfransının ideyası “Soyuq müharibə”nin qızğın dövründə, Berlin divarının yaranmasından az sonra formalaşmışdı. Onilliklər boyu Münxen Qərb dünyasının liderlərinin mövqelərini uzlaşdırdığı və birlik nümayiş etdirdiyi platforma olaraq qaldı.

Sovet İttifaqının dağılmasından sonra qarşıdurma dövrünün tarixi olaraq başa çatdığı hissi yarandı. Liberal demokratiyanın siyasi təkamülün son nöqtəsi olduğunu iddia edən yanaşma üstünlük qazandı. Qərb liderlərinin strateji sadəlövhlüyünün kökləri 1990-cı illərin əvvəllərinə gedib çıxır. “Şər imperiyası” üzərində qələbənin manifesti kimi Frensis Fukuyamanın “Tarixin sonu və son insan” kitabı seçildi ki, bu da özünü sakitləşdirmənin intellektual əsaslandırmasına çevrildi.

Bu məntiqlə Rusiya zamanla təbii şəkildə Qərb koordinat sisteminə inteqrasiya olunacaq bir dövlət kimi qəbul edilirdi. Məhz buna görə Moskva öz keçmişinə fundamental yenidən baxış etmədən və imperiya təfəkkürünü real şəkildə sökmədən Qərb formatlarına faktiki olaraq cinayətkarcasına daxil edildi. Halbuki vaxtilə müharibədən sonrakı Almaniya ilə bu proses həyata keçirilmişdi. İllüziya strategiyanı əvəzlədi və Qərb bu strateji səhvin nəticələrini bu gün tam şəkildə yaşayır.

1994-cü ildə nüvə silahı ilə bağlı imzalanmış Budapeşt Memorandumu isə həmin dövrün ən biabırçı simvoluna çevrildi. Ukraynaya nüvə silahından imtina müqabilində təhlükəsizlik zəmanətləri vəd olundu. Praktikada isə bu sənəd icra  mexanizmi olmayan adi bir bəyanat oldu. Tarix bir daha göstərdi ki, kağız zəmanətlər tankları dayandırmır.

Rusiya Prezidentinin 2007-ci il Münxen çıxışından sonra Gürcüstana qarşı avqust müharibəsi baş verdi, ardınca isə 2014-cü ildə Krımın anneksiyası və Donbasda müharibə başladı. Avropa isə buna cinayətkarcasına dişsiz sanksiyalarla cavab verdi və eyni zamanda əvvəlcə 2009-cu ildə “Şimal axını-1”, daha sonra 2017-ci ildə “Şimal axını-2” layihələrini həyata keçirərək artıq sərhədlərin güc yolu ilə yenidən baxılmasına hazır olduğunu nümayiş etdirən bir dövlətdən enerji asılılığını daha da dərinləşdirdi. Bu, müasir formada sakitləşdirmə siyasəti idi — iqtisadi baxımdan rahat, strateji baxımdan isə təhlükəli. 


Tarix oxşar məntiqi artıq görmüşdü: 1938-ci ildə Münxendə Adolf Hitleri güzəştlərlə sakitləşdirmək və sülhü qorumaq ümidi ilə “Münxen sazişi” imzalanmışdı. O zaman Avropa liderləri — Nevill Çemberlen və Eduar Daladye — kompromisin böyük müharibənin qarşısını alacağına özlərini inandırırdılar. Nəticə məlumdur: güzəştlər aqressoru gücləndirdi, Avropa isə həm rüsvayçılıq, həm də müharibə qazandı. Tarix nadir hallarda sözbəsöz təkrarlanır, lakin strateji özünü sakitləşdirmə mexanizmləri təəccüblü dərəcədə oxşar qalır.

Yalnız 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayanda qəti şəkildə aydın oldu ki, illərlə edilən xəbərdarlıqların görməzdən gəlinməsi müharibənin qarşısını almadı, əksinə, onu yaxınlaşdırdı və sonrakı Münxen konfransları artıq köklü şəkildə dəyişmiş reallığa çatmağa cəhd kimi səsləndi.

Və budur, 2026-cı il gəlib çatır. Münxendə keçirilən növbəti konfransda biz ilk dəfə Almaniya kansleri Fridrix Mertsin son iyirmi ilin ən sərt Berlin bəyanatına çevrilən güclü çıxışını eşidirik. Bu çıxışda diplomatik balans axtarışı deyil, məsuliyyəti üzərinə götürmək hazırlığı hiss olunurdu. Almaniya kanslerinin nitqində Polşanın hazırkı xarici işlər naziri Radoslav Sikorskinin 15 il əvvəl söylədiyi “Mən alman hakimiyyətindən yox, alman fəaliyyətsizliyindən qorxuram” sitatı sadəcə bəzəkli nitq deyil, həm Almaniyanın tərəfdaşlarına, həm də rəqiblərinə ünvanlanan siyasi siqnal idi.


Sovet İttifaqının dağılmasından sonra Avropada iki tarixi rəqib — Fransa və Almaniya arasında səssiz rol bölgüsü formalaşmışdı. Paris diplomatiya və təşəbbüslərə, Berlin isə Avropa İttifaqının iqtisadiyyatı və maliyyə dayanıqlığına cavabdeh idi. Bu model nisbi sabitlik şəraitində işləyirdi. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi qaydaları tam dəyişdirdi. Münxendə aydın oldu ki,  Almaniya artıq yalnız iqtisadi mühərrik rolu ilə kifayətlənmək niyyətində deyil və Avropanın əsas siyasi liderinə çevrilməyə hazır olduğunu nümayiş etdirir.

ABŞ Dövlət katibi Marko Rubionun çıxışı da vurğuların dəyişdiyini təsdiqlədi. Əslində o, bir il əvvəl daha sərt formada vitse-prezident Ceyms Devid Vensin dediklərini təkrarladı — Avropa strateji himayədar asılılığından çıxmalıdır. Birləşmiş Ştatlar geri çəkilmir, lakin məsuliyyət tələb edir. 

İndi əsas sual budur: bu Münxen real dönüş nöqtəsinə çevriləcəkmi, yoxsa növbəti bir bəyanat olaraq qalacaq? Tarix artıq Avropaya kifayət qədər xəbərdarlıq edib və çağırışların görməzdən gəlinməsi onları heç vaxt zəiflətməyib.


Sakitləşdirmə siyasəti ilk atəş səsləri eşidilənə qədər həmişə rasional görünür. Ondan sonra isə zəifliyin bədəli qətiyyətdən daha baha başa gəlir. Buna görə yekun nəticə metafora kimi deyil, tarixi hökm kimi səslənir. Məhz bunu vaxtilə Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçill öz rəqiblərinə demişdi: 

“Əgər bir ölkə müharibə ilə rüsvayçılıq arasında seçim edərkən rüsvayçılığı seçirsə, o, həm müharibəni, həm də rüsvayçılığı əldə edir”.  

Ramiz Yunus

Xəzər Universitetinin siyasi elmlər üzrə professoru

XƏBƏR LENTİ
16 IYUN 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Bütün Xəbərlər