İsrailin qondarma “soyqırımı” tanıması İranda bayrama çevrildi - Anti-Azərbaycan qüvvələri "onlayn"da
İsrail hökuməti iyunun 28-də 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyərək onu Knessetin müzakirəsinə göndərib. Layihə qanun qüvvəsi almaq üçün parlamentdə səsvermədən keçməlidir. Bu qərar layihəsi regionda, xüsusilə də İran, Türkiyə, Ermənistan və Azərbaycan arasında yeni siyasi müzakirələrə səbəb olub.
Qərarın məhz indiki vaxtda irəli sürülməsi təsadüfi deyil. Son aylarda İsrail–Türkiyə münasibətlərində, xüsusilə Suriya, Qəzza və regional təhlükəsizlik məsələlərinə görə ciddi gərginlik yaranıb. Buna görə də Ankarada bu addım Türkiyəyə siyasi mesaj kimi qəbul olunur.
Azərbaycan və Türkiyə uzun illərdir 1915-ci il hadisələrinin "soyqırımı" kimi hüquqi baxımdan tanınmasına qarşı vahid mövqe nümayiş etdirirlər. Ermənistan isə bu məsələnin beynəlxalq miqyasda tanınmasını xarici siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Qərar Ermənistanın mövqeyini gücləndirə, Azərbaycan və Türkiyə üçün isə yeni problemlər yarada bilər.
Bu qərardan İranda fəaliyyət göstərən anti-Azərbaycan dairələrinin də yararlanmağa çalışacağı gözləniləndir. Tehranın bəzi media orqanlarının və erməni təşkilatlarının İsrailin qərarından istifadə edərək Azərbaycanın mövqeyini hədəfə alacaqları da istisna olunmur. Xüsusilə də Qərb auditoriyasına ünvanlanaraq.
Digər tərəfdən, İran Ermənistanla siyasi yaxınlaşmasını əsaslandırmaq üçün də bu qərardan istifadə edəcək. Azərbaycanın İsraillə əməkdaşlığı “müttəfiqlər arasında fikir ayrılığı” kimi təqdim edilərək Bakıya qarşı təzyiq göstərməyə çalışılacağı da ehtimal olunur.
Bununla yanaşı, Azərbaycanın İsraillə münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır. Son illərdə iki ölkə arasında müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahəsində geniş əməkdaşlıq formalaşıb. Bu səbəbdən ekspertlər hesab edirlər ki, informasiya müharibəsinin güclənməsi mümkün olsa da, bunun strateji tərəfdaşlığı qısa müddətdə dəyişməsi real görünmür.
Xanım Musayeva