“Meşəli qətliamında iştirak edən adamı təhvil vermək...” – MÜSAHİBƏ – VİDEO

“Meşəli qətliamında iştirak edən adamı təhvil vermək...”   – MÜSAHİBƏ – VİDEO
17.01.2026 21:45

TodayPress TV  Ümid Partiyasının sədri İqbal Ağazadə ilə müsahibəni təqdim edir.

- Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşmaya və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər erməni Ermənistana təhvil verildi. Bununla bağlı cəmiyyətdə müxtəlif fikirlər səsləndirildi. Siz bu barədə nə düşünürsünüz?

– Hesab edirəm ki, humanizmdən daha çox bu, dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün bir körpü rolunu oynayır. Humanizmdən söhbət gedirsə, hesab edirəm ki, bu tip cinayətkarlara Azərbaycanda nə hakimiyyət, nə cəmiyyət, nə də ayrı-ayrı vətəndaşlar humanist münasibət göstərər. Amma Cənubi Qafqazla bağlı iri dövlətlərin də iştirak etdiyi böyük bir layihə var. 2025-ci ilin 8 avqustunda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasından sonra tərəflər yeni mərhələyə qədəm qoyduqlarını bəyan ediblər.  

Bu günlərdə, 2026-cı ilin ilk günlərində Amerika dövlət katibinin açıqladığı yeni plan, Zəngəzur dəhlizinin işə düşməsi üçün hazırlıqların son mərhələyə qədəm qoyması və tərəflərin də məsuliyyətlərinin bir qədər artması nəticə etibarı ilə münasibətlərdə də yeni dövrün başlanğıcına gətirib çıxarmalıdır. Buna görə də bunu humanizm yox, region siyasətində yeni gəlişmələr kimi xarakterizə etmək daha düzgün olar.

Çox təəssüflər olsun ki, bunu bəziləri, eləcə də hakimiyyət nümayəndələrinin içində olanlar da humanizm kimi xarakterizə edirlər və bu da cəmiyyətdə bir növ qıcıq yaradır. Hər şeyi öz adı ilə demək lazımdır. Ermənistan və Azərbaycan yeni mərhələyə daxil olur. Bu mərhələdə tərəflər qarşısında müxtəlif öhdəliklər var, müxtəlif vəzifələr qoyulur. Çünki bu layihənin gerçəkləşdirilməsi təkcə Azərbaycan və Ermənistanın iradəsindən asılı deyil, dünyanın bütün güc mərkəzləri gözlərini bu yeni layihəyə dikiblər. ABŞ Prezidenti hətta bu layihəyə öz adını qoyub.

Bu istiqamətdə düzgün təhlil aparmaq lazımdır. Dövlətin mənafeyi ilə vətəndaşın istəyi arasında həmişə fərqlər ola bilir. Vətəndaş daha emosionaldır, dövlət isə daha təmkinli və strateji düşünür. Bu gün dövlətimizə bu ermənilərin təhvil verilməsi mənafe etibarilə xeyir verirsə, mütləq bu addımı atmaq lazımdır. Əgər ziyan verirsə, lazım deyil. Daxili auditoriya bunu siyasətin bu üzündən təhlil etməlidir.

Anlayıram, bizim üçün də ağırdır, bəlkə də qərarı verən adamların özü üçün daha ağırdır, xüsusilə Meşəli qətliamında iştirak edən bir adamı təhvil vermək. Amma siyasətin təkcə xoş üzü yoxdur, bir az da güzəştlər üzü var. Diplomatiyanın bir qədər də açıq qapıları var. Siyasətdə təkcə bağlı qapılar olmur. 

Bir yerdə ki, diplomatiya, sülh və danışıqlardan danışırsan, bu yerdə qapını bir az açıq saxlamağı bacarmalısan. Əks təqdirdə masada əyləşə bilməzsən, qarşına qoyduğun layihələrin gerçəkləşdirilməsi istiqamətində irəliləyə bilməzsən. Azərbaycan bu istiqamətdə doğru seçimlər edir, bu qətiyyən yanlış addım deyil. 

Xırda bir nüansı da qeyd etmək istəyirəm ki, bunu bəzən həbsdə olan azərbaycanlılarla əlaqələndirirlər ki, azərbaycanlılar əfv olunmur, onlar əfv olunur. Azərbaycanda əfvin mahiyyəti humanizmdir, bu təhvilin mahiyyəti isə siyasətdir. Bunlar ayrı-ayrı şeylərdir. 

- Sosial mediada aparılan müzakirələrdə hazırda məhkəməsi gedən digər ermənilərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimal edilir. Sizcə, bu mümkündürmü?

– Mümkündür. Niyə də olmasın? Azərbaycan dövlətinin mənafeyi bu gün onları mühakimə etməyi tələb edir. Sabah Azərbaycan dövlətinin mənafeyi bu adamları təhvil verməyi və yaxud da nələrinsə müqabilində güzəşt edib onları geri qaytarmağı tələb edəcəksə, verəcək. Dövlət üçün çalışırıq. Arayik üçün, Levon üçün yox. Heç kim kefindən onları təhvil verməyib.

Açıq şəkildə deyəcəm : ABŞ deyir ki, sən bu istiqamətdə bir az güzəştə getməlisən. Biz sənə güzəştə gedirik, torpaqlarını azad etmisən, ərazi bütövlüyünü bərpa etmisən, suverenliyini bərpa etmisən, indi əlaqələr yaranır, biz bəzi məsələlərdə göz yumuruq, üstünə getmirik, iddia etmirik ki, bunlar girov və əsirdir, qəbul edirik ki, onlar cinayətkardır. Amma sən də güzəştə get, bəzilərini azad et. Bu, normaldır. Dünyanın hər yerində baş verir.

Bu gün Ermənistan–Azərbaycan münasibətlərində fərqli situasiya yaranıb. Dünən Xaçaturyan mühakimə olunmalı idi, bu gün Azərbaycan Xaçaturyanın üzərindən əlavə dividendlər qazanmalıdır. Sabah Arayiklə də ola bilər, Ruben Vardanyan və başqaları ilə də.

- Proseslərin sürətlə sülhə doğru getdiyi bir vaxtda azərbaycanlılar ermənilərlə münasibətlərdə hansı məsafədə dayanmalıdırlar ki, bu nə cəmiyyətdə qıcıq yaratsın, nə də ölkənin sülh siyasətinə zidd olsun?  

– Məsələ belədir, biz bir az maksimalist xalqıq. Hər şeyin ya ağını, ya qarasını istəyirik. Amma orta xətlər var, onları seçməliyik. Erməni ilə dost olmağa məcbur deyilik, amma qonşu olmağa məhkumuq. Bu gün proseslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunubsa, dünya da bu məsələyə “hə” deyibsə, sülh müqaviləsi paraflanıbsa və sülh müqaviləsinə doğru gediriksə, Cənubi Qafqazda barış və sülh istəyiriksə, qonşu olmağa məhkum adamlar kimi davranmalıyıq.  

Amma bu o demək deyil ki, kimsə getsin ermənini bağrına bassın, qucaqlasın, “qardaş olub Azərbaycan–Hayastan” desin. Buna ehtiyac yoxdur. Xətlərimizi düzgün müəyyənləşdirməliyik. Xətlərimiz qonşuluq xətləridir. Normal münasibət saxlayan qonşular səviyyəsinə gəlməliyik ki, Cənubi Qafqazda barış və sülh olsun, regiona kənar əllər uzanmasın.

- Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi 2025-ci ildə geniş müzakirə mövzusu oldu. Son vaxtlar isə bu işlə bağlı açıqlamaların və informasiya axınının azalması müşahidə olunur. Sizcə, bu nə ilə bağlıdır?

– Bunu istintaq komissiyasına sual verin, mənə aid olan sual deyil. Mən Azərbaycan dövlətinə xəyanət edən hər kəsin ən qəti şəkildə cəzalandırılmasını istəyirəm. Bu qədər.  


Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər