Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yaydı

Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yaydı
09.08.2025 10:10 Xarici siyasət

Avqustun 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub.

Bu barədə XİN-dən TodayPress TV-yə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.

Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.

Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər