Yaxın Şərqdə gərginlik artır: ABŞ-İran danışıqları uçurum kənarında, İsrail hücuma hazırlaşır

Yaxın Şərqdə gərginlik artır: ABŞ-İran danışıqları uçurum kənarında, İsrail hücuma hazırlaşır
26.05.2025 15:33 Dünya

Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir. ABŞ və İran arasında nüvə proqramı üzrə aparılan danışıqlar iflas həddinə çatıb, eyni zamanda İsrailin İran obyektlərinə birbaşa zərbə endirməsi təhlükəsi havada dolaşır.

TodayPress TV xəbər verir ki, diplomatik çıxılmazlıq sürətlə yeni hərbi eskalasiyaya çevrilmək üzrədir.

Beşinci raund nəyi göstərdi?

Danışıqlar rəsmi baxımdan aktiv görünsə də - son görüş 23 mayda Romada, vasitəçi rolunu oynayan Oman diplomatik nümayəndəliyində keçirilib - tərəflər arasında real yaxınlaşma müşahidə olunmur. Danışıqlarda iştirak edən nümayəndə heyətləri yüksək səviyyədə olsa da (İran tərəfdən xarici işlər naziri Abbas Ərakçi, ABŞ tərəfdən isə prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir), əhəmiyyətli nəticələrdən danışmaq hələ tezdir.

ABŞ uranın zənginləşdirilməsinin dayandırılmasını və İranın nüvə infrastrukturunun sökülməsini tələb edir. İran isə nüvə texnologiyalarının sülh məqsədilə inkişafının suveren hüquq olduğunu israrla vurğulayır. Beləliklə, tərəflər qarşılıqlı güzəştləri zəiflik əlaməti kimi qiymətləndirdikləri taktiki çıxılmazlığa düşüblər.

Danışıq meydanlarından gələn siqnallar ziddiyyətlidir. İranın xarici işlər nazirinin müavini Məcidi Təxt-Rəvənçi ABŞ-ni qeyri-müəyyən mövqe tutmaqda ittiham edir. Ağ Evin mətbuat katibi Karolin Levit isə bildirir ki, danışıqların yalnız iki sonu ola bilər: ya Tehran bütün tələbləri qəbul edəcək, ya da ağır nəticələrlə üzləşəcək. Bu isə diplomatik baxımdan ziddiyyətli mövqedir.

Bundan başqa, Tehran həm raket proqramını, həm də "sülh atomu" hüququnu müzakirə etməyə qəti şəkildə etiraz edir. Lakin bütün ziddiyyətlərə baxmayaraq, danışıqlar davam edir. Tərəflər artıq beşinci dəfə Romada görüşüb və məsləhətləşmələri davam etdirmək niyyətindədir. Abbas Əraqçi qeyd edib ki, Tehran hüquqlarından imtina etmir, lakin qarşılıqlı güzəştlərə hazırdır və ABŞ-dən də eyni yanaşmanı gözləyir.

İsrail səbr etməyəcək, İran cavab verəcək

Bu arada nüvə razılaşmasına prinsipial şəkildə qarşı olan İsrail gərginliyi daha da artırır.

Qərb KİV-lərinin ABŞ kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, Təl-Əviv İranın nüvə obyektlərinə qabaqlayıcı zərbə endirməyi nəzərdən keçirir. Hərbi təlimlər, sursatların daşınması və yüksək vəzifəli şəxslərin sərt bəyanatları bu niyyətin ciddi olduğunu göstərir.

İsrail nüvə silahına sahib İranı mövcudluğuna təhdid hesab edir. Ehtimal olunur ki, Təl-Əviv ABŞ-nin dəstəyi olmadan belə addım ata bilər. Baş nazir Benyamin Netanyahunun Donald Trampla münasibətləri də gərgindir. Aprelin 7-də Vaşinqtona səfəri zamanı ABŞ-dən İranla bağlı hücum icazəsi ala bilməyən Netanyahu indi müstəqil zərbə endirmək ehtimalını ciddi şəkildə nəzərdən keçirir. ABŞ kəşfiyyatının bu məlumatı sızdırması da İsrailə "danışıqları pozma" xəbərdarlığı ola bilər.

İran isə açıq şəkildə bildirib ki, hər hansı təcavüzə sərt cavab veriləcək. Burada regionda yerləşən ABŞ hərbi obyektlərinə hücum və Livan, Suriya, İraq, Yəməndəki müttəfiq qüvvələrin səfərbər edilməsi nəzərdə tutulur.

Bu halda potensial eskalasiya bütün Yaxın Şərqə yayılacaq.

Eskalasiya nəticələri

Suriyanı itirdikdən sonra İranın imkanları zəifləsə də, onun bölgədəki proksi qüvvələri – “müqavimət oxu” – ABŞ hədəflərinə qarşı aktiv hərəkətə keçmək gücündədir. İsrailə qarşı imkanlar isə daha məhduddur, çünki “Hizbullah”ın ciddi itkilərə məruz qalması və Livanda daxili siyasi vəziyyətin dəyişməsi bu imkanları məhdudlaşdırıb.

ABŞ bu reallıqları anlayır və görünür ki, eskalasiyadan yayınmağa çalışır.

İsrailin İranın nüvə obyektlərinə zərbəsi Fars körfəzində ümumi gərginliyin artmasına, qlobal bazarlara mənfi təsirə səbəb olacaq. Neft qiymətlərinin artması, dəniz yollarında pozuntular, miqrasiya dalğaları və s. bu yalnız mümkün nəticələrin bir hissəsidir. Diplomatiyanın uğursuzluğu isə yalnız Yaxın Şərqdə deyil, ümumiyyətlə, nüvə silahlarının yayılmaması sisteminin çöküşü anlamına gələcək.

Region bir daha çətin seçimlər qarşısındadır. Təzyiqlər, təhdidlər və hava zərbələri problemi aradan qaldırmır, əksinə, daha da dərinləşdirir. Yaxın Şərq bu kimi böhranları dəfələrlə yaşayıb və heç biri müsbət nəticə verməyib.

Diplomatiya üçün imkan pəncərəsi hələ tam bağlanmayıb, lakin daralır. Fəlakətin qarşısını almaq üçün ABŞ, İran və İsrail ənənəvi yanaşmaların hüdudlarından çıxmalıdır. Əks halda, tarix bir daha göstərəcək ki, razılaşma qabiliyyətsizliyi necə baha başa gəlir.

Töhfə Səməd

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər