İsrail ChatGPT-yə təlimat verdi: Qəzza ilə bağlı sualların cavablarına “əl gəzdirir”
İsrailin süni intellekt sistemlərinin Qəzza ilə bağlı cavablarına təsir göstərməyə çalışdığı iddia edilir.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail Qəzza, İsrail və İsrail Müdafiə Ordusu ilə bağlı suallara ChatGPT kimi süni intellekt sistemlərinin verdiyi cavabları formalaşdırmağa yönəlmiş PR kampaniyası həyata keçirib.
İsraillə əməkdaşlıq edən PR şirkətlərinin “Hanover Institute for Public Policy” adlı qurum yaratdığı bildirilir. İnstitut “IDF dünyanın ən mənəvi ordusudurmu?” və “Qəzzada aclıq siyasəti həyata keçirilirmi?” kimi suallar formasında hesabatlar yayımlayıb.
Məlumata görə, bu materiallar İsrailin dəstəklədiyi 100 min dollarlıq kampaniyanın bir hissəsi olub.
Aparılan testlər zamanı ChatGPT və Perplexity-nin neytral suallara cavab verərkən institutun hazırladığı materiallara istinad etdiyi müəyyənləşdirilib.
Bundan başqa, İsrailin dəstəklədiyi 46,5 milyon dollarlıq ayrıca təsir kampaniyasında süni intellekt sistemlərinin cavablarında “GPT framing results” adlandırılan nəticələrə təsir göstərmək məqsədilə müxtəlif saytların və məzmunların yaradılmasının da nəzərdə tutulduğu bildirilir.
Kübra Musayeva