2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri

2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri
23.01.2026 12:19 Туризм

Minilliklər boyu sivilizasiyaların beşiyi olmuş Anadoluda yerləşən Türkiyə torpaqları yerin altından üzə çıxan ümumbəşəri irsi aşkara çıxarmaqda davam edir.

TodayPress TV xəbər verir ki, ölkənin şərqindən qərbinə, şimalından cənubuna qədər uzanan bu ərazilər insanlıq tarixini formalaşdırmış sivilizasiyaları əks etdirən əsl açıq hava muzeyi təsiri bağışlayır.

Bu zəngin irsi ön plana çıxarmağı hədəfləyən “Gələcək üçün miras” (Legacy to the Future) layihəsi ölkə üzrə arxeoloji tədqiqatların miqyasını genişləndirərək Türkiyədə arxeologiya sahəsində yeni və dinamik bir mərhələnin əsasını qoyur. Layihə çərçivəsində ötən il müxtəlif dövrlərə və sivilizasiyalara aid çoxsaylı artefaktlar aşkar edilib.

Aşkar edilən bu tapıntılar bəşəriyyətin dünya ilə münasibətlərinə dair yeni baxış bucaqları təqdim edir, 2025-ci ili isə arxeoloji baxımdan xüsusi əhəmiyyətə malik bir il kimi ön plana çıxarır. Kəşflər həm arxeoloji məkanlarda ziyarətçi təcrübəsini zənginləşdirib, həm də mədəni irsin beynəlxalq miqyasda tanıdılmasına töhfə verib. Gəlin, ötən ilin Türkiyədə qeydə alınan ən diqqətçəkən arxeoloji tapıntılarına birlikdə nəzər salaq.

Neolit dövrünə aid kəşflər

Şanlıurfa ərazisində yerləşən Neolit dövrü qazıntı sahələrini əhatə edən və 2025-ci ildə fəaliyyətinin 5-ci ildönümünü qeyd edən Taş Tepeler layihəsi ötən il mühüm elmi kəşflərlə yadda qalıb.

Karahantəpədə üzərində üç heyvan fiquru təsvir olunan kiçik bir qab aşkar edilib. Mütəxəssislərin fikrincə, bu tapıntı bu günə qədər məlum olan ən qədim üçölçülü mifoloji təsvir hesab olunur. Həmçinin, üzərində insan sifəti həkk olunmuş T formalı sütun da məhz bu ərazidə üzə çıxarılıb.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Göbəklitəpədə isə divara yerləşdirilmiş insan fiquru aşkar edilib. Arxeoloqlar bu fiqurun nəzir məqsədilə təqdim olunmuş qurbanlıq obyekt olduğunu bildirirlər. Sayburç ərazisində isə ağzı tikilmiş halda təsvir olunan, dünyasını dəyişmiş insana aid insan fiquru tapılıb.

Sefertepədə aparılan qazıntılar zamanı iki insan üzlü relyef və ikiüzlü muncuq da gün üzünə çıxarılıb. Bu tapıntılar Neolit dövrünün inancları və simvolik dünyası barədə mühüm məlumatlar təqdim edir.

Qədim Troya dövründə zənginlik və hakimiyyət rəmzləri

Çanaqqala ərazisində yerləşən Troya antik şəhərində aparılan davamlı arxeoloji qazıntılar zamanı Erkən Tunc dövrünə (təxminən e.ə. 2500-cü il) aid qızıl broş və nadir yeşim daşı aşkar edilib. Məlumata görə, yeşim daşının vaxtilə dəbdəbəli bir əşyanın tərkib hissəsi olduğu ehtimal olunur.

Sosial status və hakimiyyət rəmzi kimi istifadə edilən bu qızıl broş dünya üzrə məlum olan cəmi üç nümunədən ən yaxşı qorunmuşu hesab edilir. Mütəxəssislərin fikrincə, tapıntı son 100 ilin ən mühüm tipoloji və tarixi arxeoloji kəşflərindən biri kimi dəyərləndirilir.

Osmanlı dəniz tarixinə sualtı baxış

Muğlanın Datça bölgəsində yerləşən Kızlan Osmanlı gəmi batığı ərazisində aparılan sualtı arxeoloji qazıntılar Osmanlı dəniz tarixinə işıq salan mühüm tapıntılarla nəticələnib. XVII əsrə aid olduğu müəyyən edilən və Türkiyədə bu dövrə məxsus yeganə məlum Osmanlı gəmi batığı sayılan bu ərazidə diqqətçəkən artefaktlar aşkar edilib.

Qazıntılar zamanı 30-dan çox tüfəng, 50-dən artıq qumbara, minlərlə güllə, Osmanlı dövrünə aid ən böyük tütün çubuqları (lülələr) kolleksiyası, eləcə də Çin istehsalı olan çini məmulatlar gün üzünə çıxarılıb. Bu tapıntılar Osmanlı dövründə dəniz ticarəti, hərbi təchizat və gündəlik həyat barədə dəyərli məlumatlar təqdim edir.

Qərbi Anadolunun ən iri Tunc dövrü yaşayış məskənlərindən biri sayılan Kütahyanın Tavşanlı Höyük ərazisində aparılan arxeoloji qazıntılar zamanı yaşı təxminən 4 500 il olan idol fiqurları aşkar edilib.

Mərmər, sümük və terrakotadan hazırlanmış bu fiqurlar ocaq ətrafında düzülmüş vəziyyətdə tapılıb. Alimlərin fikrincə, tapıntılar həmin dövrün dini inancları və ibadət praktikaları barədə mühüm və dəyərli məlumatlar verir.

Qara dənizdə ilan saçlı Meduza təsviri

Bartın vilayətinin Amasra rayonunda yerləşən qədim Amastris şəhərində, yaşı təxminən 2 000 il olan stoa “Gələcək üçün miras” (Legacy to the Future) layihəsi çərçivəsində orijinalına sadiq şəkildə bərpa olunur.

Bərpa işləri zamanı stoada nadir rast gəlinən, gülümsəyən Meduza təsviri aşkar edilib. Mifologiyada Meduza saçları ilanlardan ibarət olan, iti dişli və ona baxan hər kəsi daşa çevirən qorxunc qadın məxluq kimi tanınır. Bu qeyri-adi təsvir Qara dəniz bölgəsində antik dövr incəsənətinə dair maraqlı nümunə kimi dəyərləndirilir.

Efesdə Serapisə həsr olunmuş daha bir tapıntı

İzmir ərazisində yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Efes antik şəhərində üzərində Misir tanrısı Serapisin relyefi olan terrakota buxurqabı aşkar edilib.

Buxurqabının arxa hissəsində yer alan yazı sayəsində bu tapıntının daha əvvəl Teras evlərində üzə çıxarılmış eyni tipli artefaktla əlaqəli olduğu müəyyən edilib. Mütəxəssislər bu faktın Efesdə oxşar məmulatlar istehsal edən bir emalatxananın mövcudluğunu və ya bu cür məhsulların mütəmadi ticarət dövriyyəsində olduğunu göstərdiyini bildirirlər.

Karaman ərazisində yerləşən Topraktepe (Eirenepolis) antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı eramızın VII–VIII əsrlərinə aid beş ədəd kömürləşmiş çörək tapılıb.

Üzərində Malta xaçı naxışları və İsa Məsihin təsviri olan bu çörəklərin erkən xristian mərasimlərində istifadə edilən sakramental çörəklər olduğu ehtimal edilir. Mütəxəssislərin fikrincə, bu nadir tapıntılar dövrün dini ayinləri və inanc sistemi barədə qiymətli məlumatlar təqdim edir.

Vanda ən iri saxlama kompleksi kimi dəyərləndirilən saxsı küplər

Van vilayətinin İpekyolu rayonunda, Erek dağının ətəklərində yerləşən Kevenli qalasının xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı Urartu dövrünə aid mühüm tapıntılar üzə çıxarılıb. Qazıntılar nəticəsində üzərində mixi yazılar olan, yağ, taxıl və müxtəlif içkilərin saxlanılması üçün istifadə edilmiş 76 ədəd saxsı küp (iri saxlama qabı) aşkar edilib.

Mütəxəssislərin qiymətləndirməsinə görə, bu saxsı küplər toplusu indiyədək Van ərazisində müəyyən edilmiş ən böyük saxlama kompleksi hesab olunur. Tapıntılar Urartu dövlətinin təsərrüfat sistemi, ərzaq ehtiyatlarının idarə olunması və iqtisadi strukturu barədə dəyərli məlumatlar təqdim edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Все новости