Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək
Cənubi Koreya Avropaya yük daşımalarında Şimal Dəniz Yolundan istifadəni sınaqdan keçirməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, "PanStar Acro" konteyner gəmisi avqustun 22-də Busan limanından yola düşəcək.
Gəminin Böyük Britaniyanın Feliksstou, Niderlandın Rotterdam və Polşanın Qdansk limanlarına çatması planlaşdırılır.
Səfərin 40-45 gün davam edəcəyi gözlənilir. Marşrut uğurla başa çatarsa, bu, Cənubi Koreyanın Arktika üzərindən Avropaya ilk kommersiya yük daşımalarından biri olacaq.
Cənubi Koreya hakimiyyəti bildirir ki, Şimal Dəniz Yolu Süveyş kanalı ilə müqayisədə Avropa ilə Asiya arasındakı daşınma müddətini əhəmiyyətli dərəcədə azalda bilər. Seul 2030-cu ilə qədər Arktikadan müntəzəm kommersiya gəmiçiliyinə başlamağı planlaşdırır.
Şimal Dəniz Yolu Rusiyanın Avropa hissəsi ilə Uzaq Şərqini birləşdirən və Arktika dənizlərindən keçən marşrutdur. Onun uzunluğu təxminən 5 600 kilometrdir.
Türkan İsgəndərli
TodayPress TV