Rusiya liberalları üçün Qarabağla Krım arasında prinsipial fərq yoxdur — Ramiz Yunus

Rusiya liberalları üçün Qarabağla Krım arasında prinsipial fərq yoxdur — Ramiz Yunus
01.02.2026 20:15 Təhlil

“Sözdə “yaxşı ruslar” adlandırılan fenomen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra ortaya çıxmayıb. Bu, nə mənəvi ayılmadır, nə də imperiya keçmişindən qopuş. Bu, sadəcə onilliklər boyu Kreml narrativlərini liberalizm və humanizm adı altında pərdələyən davamlı bir sistemdir”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.

Professor bildirib ki, Azərbaycan üçün bu fenomen yeni deyil və Qarabağ münaqişəsi rus liberal mühitinin beynəlxalq hüquqa real münasibətini açıq şəkildə üzə çıxaran ilk sınaq olub:

“Qarabağ rus liberal çevrəsinin postsovet dövlətlərinin suverenliyinə necə yanaşdığını göstərən lakmus kağızına çevrildi. Hələ 1980-ci illərin sonlarında və 1990-cı illərdə bu münaqişə beynəlxalq hüququn deyil, imperiya reflekslərinin seçildiyini açıq şəkildə nümayiş etdirdi”.

Ramiz Yunusun sözlərinə görə, beynəlxalq hüquq baxımından Qarabağın statusu birmənalı olub və bu məsələ heç vaxt mübahisə predmeti təşkil etməyib:

“Qarabağ Azərbaycan ərazisi olub və olaraq qalır. Bu status həm sovet dövründə, həm də SSRİ-nin dağılmasından sonra təsbit edilib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını birbaşa tələb edirdi. Hüquqi mənzərə aydın idi və yozuma yer buraxmırdı. Buna baxmayaraq, Rusiya liberal mühitinin demək olar ki, bütün nümayəndələri Ermənistanın tərəfində mövqe tutaraq Kremlə xas ermənimərkəzli narrativi təkrarladılar. Bu çevrənin tanınmış simaları ya açıq şəkildə təcavüzü əsaslandırır, ya da işğalı iki tərəfli münaqişə kimi təqdim edirdilər. Bu mövqe Rusiya demokratiyasının simvolu sayılan şəxslər üçün də xarakterik idi. Onlar Qarabağ sınağından keçə bilmədilər və müharibə ətrafındakı yalanlarla ləkələndilər”.

Professor vurğulayıb ki, Qarabağ bu liberal olmayan mühit üçün ilk ciddi imtahan idi və həmin imtahan uğursuzluqla nəticələndi:

“Hadisələr barədə yalanlar, azərbaycanlıların etnik təmizləməsinin susdurulması, ilk qaçqın dalğasının gizlədilməsi, erməni işğalının əsaslandırılması və beynəlxalq hüququn tarixi hisslərlə əvəzlənməsi məhz bu mühitdə norma halına gəldi. Sonrakı illərdə baş verən hadisələr isə bunun təsadüf yox, Moskvanın Köhnə Meydanı və Lubyankadan idarə olunan sistem olduğunu sübut etdi. Gürcüstana qarşı təcavüz, Abxaziya və Tsxinvali bölgəsinin işğalı, 2008-ci ilin avqust müharibəsi, Dnestryanı münaqişə və Çeçenistanda baş verən müharibələr göstərdi ki, bu çevrə üçün ərazi bütövlüyü prinsipial dəyər daşımır. Rusiya ordusunun cinayətləri ya əsaslandırıldı, ya da terrorla mübarizə şüarları altında ört-basdır edildi”.

Onun sözlərinə görə, bu yanaşma 2014-cü ildə Krımın işğalı zamanı xüsusilə açıq şəkildə üzə çıxdı:

“Bir çoxları ilhaqı dəstəklədi, digərləri isə Krım kimindir sualından yayınmağa başladı. Məhz bu məqamda aydın oldu ki, Qarabağla Krım arasında onlar üçün prinsipial fərq yoxdur. Hər iki halda beynəlxalq hüquq deyil, imperiya seçilirdi”.

Politoloq qeyd edib ki, 24 fevral 2022-ci ildən sonra həmin şəxslərin bir hissəsi ritorikanı dəyişsə də, onların əvvəlki mövqeləri rəqəmsal məkanda qalmaqda davam edir:

“Onların əvvəlki bəyanatları və mətnləri sənədləşdirilib və açıq mənbələrdə mövcuddur. Azərbaycan üçün bu, yeni deyildi. Bu yol çox daha əvvəl keçilmişdi”.

Ramiz Yunus xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycan öz informasiya məkanını ardıcıl şəkildə təmizləyib:

“Azərbaycan həm Kremldən, həm də Qərbdən gələn, Moskva üçün əlverişli narrativləri yayan "hədiyyə gətirən danaoslu"lardan imtina etdi. Nəticədə qələbə təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qazanıldı”.

Professorun sözlərinə görə, Ukrayna bu prosesi bu gün yaşayır, lakin daha ağır bədəl ödəyir:

“Problem sadəlövhlükdə deyil. Problem ondadır ki, "yaxşı ruslar" sistemli şəkildə müttəfiq kimi təqdim olunur, məsuliyyət əvəzinə mərhəmət, əməl əvəzinə söz təklif edilir. Uzun illər Kremlin imperiya narrativlərinə xidmət etmiş şəxslərin kritik anda yenidən xəyanət etməyəcəyinə inanmaq üçün heç bir əsas yoxdur. Bu ikiüzlülüyün tarixi həddən artıq ardıcıldır. Söhbət emosional kollektiv günahdan yox, siyasi fakt kimi kollektiv məsuliyyətdən gedir. Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı təcavüz şəraitində neytrallıq dəstək formasıdır, real addımlar olmadan antiharibə mövqeyi isə sadəcə rahat mənəvi pozadır”.

Ramiz Yunus fikrini ispan filosofu və yazıçısı Corc Santayananın sözləri ilə yekunlaşdırıb:

“Tarixdən dərs çıxarmayanlar onu yenidən, daha qəddar formada yaşamağa məhkumdurlar”.

Qiymət Mahir


NEWS FEED
16 JUNE 2026
"Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 All News