Ramiz Yunus İrandakı etirazlarla bağlı ÜÇ SSENARİNİ AÇIQLADI

Ramiz Yunus İrandakı etirazlarla bağlı ÜÇ SSENARİNİ AÇIQLADI
07.01.2026 18:28 Təhlil

“Bu gün İranda baş verənlər sadəcə etirazlar dalğası deyil, dərin və sistemli böhranın təzahürüdür. Prezident Məsud Pezeşkian cəmiyyətə “buxarını çıxarmaq” imkanı vermək üçün irəli sürülmüş fiqur rolunu oynayır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” sosial şəbəkə hesabında paylaşdığı analitik məqaləsində bildirib.

Professorun sözlərinə görə, İranda baş verən proseslər mahiyyət etibarilə Sovet İttifaqının dağılmasından əvvəlki son illəri xatırladır:


“SSRİ-də iqtisadi böhran, ideoloji yorğunluq və Əfqanıstan avantürası sistemi zəiflətdi. Hakimiyyət cəmiyyəti birbaşa boğmaq əvəzinə nəzarət olunan “perestroyka”ya start verdi və SSRİ-nin prezidenti Mixail Qorbaçovu önə çıxartdı. Azadlıq görüntüsü yaradıldı, amma nəticədə sistem dağıldı. Ardınca Rusiya Federasiyasının 1-ci Prezidenti Boris Yeltsin gəldi, daha sonra isə xüsusi xidmət orqanları hakimiyyəti Vladimir Putin vasitəsilə geri qaytardı. Sistem dəyişmədi, sadəcə forması dəyişdi”.

Ramiz Yunus hesab edir ki, bu gün İranda da oxşar ssenari işə salınmağa çalışırlar:

“Pezeşkian müvəqqəti olaraq cəmiyyətin gərginliyini azaltmaq funksiyasını daşıyır. Etirazların əsas səbəbi iqtisadidir. Sanksiyalar, inflyasiya, işsizlik, korrupsiya və sosial ədalətsizlik çıxılmazlıq hissi yaradıb. Dövlət resursları ölkənin inkişafına deyil, ideologiyaya, daxili nəzarətə və xarici layihələrə yönəldilir”.

Professor vurğulayıb ki, gənc qızın hicabla bağlı həyatını itirməsi mövcud hadisələrin başlaması üçün sadəcə katalizator rolunu oynayıb:


“Cəmiyyət onsuz da son həddə çatmışdı. Etirazlar müxtəlif sosial təbəqələri birləşdirdi, lakin regionlara və etnik qruplara görə reaksiyalar fərqlənir”.

Onun sözlərinə görə, etnik azərbaycanlıların etirazlarda nisbi passivliyi təsadüfi deyil:

“Onlar ehtiyatlı davranırlar, çünki liderlərinin bir qismi mərkəzi hakimiyyətlə inteqrasiya olunub və radikal aksiyalar yüksək risk daşıyır. Kürdlər muxtariyyət perspektivini nəzərə alaraq prosesləri daha çox kənardan izləyir, bəluclar sərt hərbi nəzarət səbəbindən ehtiyatlıdır, cənubdakı ərəb əhalisi isə əsasən lokal sosial-iqtisadi problemlərə fokuslanır”.

Ramiz Yunusun fikrincə, ölkə daxilində proseslərin taleyini əsasən etnik farsların davranışı müəyyən edir:

“Əhalinin təxminən 40 faizini təşkil edən farslar etirazların ön cəbhəsindədir. Onların dəstəyi rejimin legitimliyi baxımından həlledicidir və bu, hakimiyyət üçün ciddi təzyiq yaradır”.


Professor hadisələrin inkişafı üçün üç mümkün ssenari irəli sürür:

“Birinci ssenari təkamüllüdür: Pezeşkian yumşaq ritorika və kosmetik islahatlarla cəmiyyəti qismən sakitləşdirir, sonda hakimiyyət yenidən SEPAH-a qayıdır — Rusiyada Putinin gəlişi kimi. İkinci ssenari sərtdir: təhlükə hiss edilərsə, etirazlar güc yolu ilə yatırılacaq. Üçüncü ssenari isə nəzarətdən çıxmadır — elita daxilində parçalanmalar və küçənin təzyiqi 1991-ci ildə Moskvada Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (QKÇP) zamanı olduğu kimi, sürətli eskalasiyaya səbəb ola bilər”.

Beynəlxalq faktorlarla bağlı professor bildirib ki, ABŞ və İsrailin birbaşa müdaxiləsi real görünmür:

“Bu ölkələr anlayır ki, hərbi təzyiq rejimi daha da konsolidasiya edə bilər. Ona görə də müşahidəçi mövqedə qalaraq daxili dinamikanı izləyirlər”.

Ramiz Yunus qeyd edib ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə Prezident Pezeşkian arasındakı fikir ayrılığı rol bölgüsüdür:


“Xamenei xarici düşmən obrazı yaradır, Pezeşkian isə sistem daxilində stabitləşdirici rol oynayır”.

Professor Xameneinin Moskvaya mümkün səfərini İranın Rusiyadan strateji asılılığının göstəricisi kimi qiymətləndirib:


“Moskva rejim üçün həm təhlükəsiz liman, həm də Qərbə qarşı təzyiq alətidir”.

Yekunda Ramiz Yunus vurğulayıb ki, tarix nəzarət olunan islahatların əsl məqsədini açıq şəkildə göstərir:

“Perestroyka azadlıq üçün yox, sistemi xilas etmək üçün başlamışdı, amma onun süqutunu sürətləndirdi. Bu gün əsas sual budur: İranın “perestroykası” yeni bir Putinin ortaya çıxmasına gətirib çıxaracaq, yoxsa sistem cəmiyyətin təzyiqi altında özü dağılacaq?”

Professor sonda Almaniyanın birinci kansleri Otto fon Bismarkın məşhur fikrini xatırladıb:


“İnqilabları dahilər planlaşdırır, fanatiklər həyata keçirir, onların bəhrəsindən isə alçaqlar yararlanır”.

Qiymət Mahir

TodayPress TV


NEWS FEED
01 AUGUST 2026
Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 All News